Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün 30 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.
Müsabiqəyə 268 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur rayonu (63 yer), Ordubad rayonu (60 yer) və Babək rayonu (40 yer) üzrə mövcud olub. Müsabiqədə iştirak etmək üçün 742 namizəd sənəd təqdim edib ki, bu da son illərdə ən yüksək göstəricidir. Belə ki, 2018-ci ilin eyni dövründə 527, 2019-cu ildə isə 599 müraciət qeydə alınıb. Ən çox müsabiqə vəziyyəti İbtidai sinif müəllimliyi(146 müraciət), İngilis dili (145 müraciət), Tarix (69 müraciət) və Azərbaycan dili (55 müraciət) ixtisasları üzrə qeydiyyata alınıb.
Müsabiqədə hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
Test imtahanında namizədlər tibbi maskadan istifadə edib, sosial məsafə qoruyub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.
Test imtahanları 16 sentyabr 2020-ci il tarixədək davam edəcəkdir.