Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat və çevik şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub.
Sentyabrın 1-də yarmarkanın açılışı olub. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsi də Ali Məclis Sədrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Mərkəzi Bazarda keçirilən məktəbli yarmarkası da yüksək səviyyədə təşkil olunub. Yarmarkanın keçirilməsində məqsəd valideynlərin bir ünvandan öz övladları üçün lazımi məktəbli ləvazimatlarını əldə edə bilməsidir. Fürsətdən istifadə edib qarşıdan gələn yeni dərs ili münasibətilə bütün təhsil ictimaiyyətini və valideynləri təbrik edir, məktəblilərə uğurlar arzulayıram.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, muxtar respublikanın bütün rayon və kəndlərində müəllim və şagirdlərin vahid geyim forması ilə təminatını daha da yaxşılaşdırılması üçün tikiş müəssisələrinin müasir texnologiyalardan istifadəsinə üstünlük verilməsi daim diqqətdə saxlanılmış, geyim formalarının qiymət keyfiyyətinə nəzarət artırılmışdır. Yeni tədris ilinə hazırlıqla əlaqədar istehsal müəssisələrinin anbarlarında 8180 dəstməktəbli geyim forması ehtiyatı mövcuddur. Təhsil müəssisələrindən daxil olan sifarişlər nəzərə alınmaqla vahid geyim formalarının tikilişi davam etdirilir. Hazırda muxtar respublikamızda müəllim və şagirdlərin vahid geyim formalarına olan tələbatını ödəmək imkanına malik məktəbli geyimləri, köynək, ayaqqabı istehsal edən yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Bu gün 3-ü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur.
Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Muxtar respublikada təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, tahsialanlar və təhsilverənlər üçün normal tədris şəraitinin yaradılması, bir sözlə təhsilin inkişafı üçün atılan bütün addımlar şagirdlərin yüksək səviyyəli təhsil almasına geniş imkanlar açır. Bildirilib ki, ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan kompüter və elektron lövhələrin quraşdırılması, şagirdlərin istifadəsinə zəngin fonda malik kitabxanalar, laboratoriyalar və fənn kabinələrinin verilməsi muxtar respublikamızın intellektual potensialının yüksəlişinə öz töhfəsini verir. Bir qayda olaraq, muxtar respublikada istifadəyə verilən bütün məktəblər kompüterləşdirilir, müasir avadanlıqlarla, laboratoriyalarla, pulsuz dərsliklərlə, məktəb kitabxanaları isə bədii ədəbiyyatlarla təmin olunur. Bütün bunlarla yanaşı, şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqət mərkəzində saxlanılır, hər il ənənəvi məktəbli yarmarkaları təşkil olunur.
Nazir qeyd edib ki, muxtar respublika rəhbərinin tapşırığına əsasən bu gündən etibarən Naxçıvan şəhərində və rayonlarda məktəbli yarmarkası fəaliyyətə başlayır. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır.
Vurğulanıb ki, yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Sevindirici haldır ki, muxtar respublikada məktəbli geyimlərinə olan tələbat tam olaraq yerli istehsal hesabına ödənilir. Bu gün təşkil edilən məktəbli yarmarkalarında da muxtar respublikada istehsal olunmuş məktəbli geyimləri əhaliyə təklif edilir.
Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.
Valideynlər belə yarmarkaların təşkil olunmasına görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün rayonlarında təşkil olunur və sentyabrın 14-dək davam edəcək.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti