Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 24 avqust 2020-ci il tarixdən başlayaraq ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmaya hazırlığı məqsədilə onlayn seminarların keçirilməsi təşkil edilmişdir. Avqust ayının sonuna qədər bütün ümümtəhsil fənlərinin hər birindən bir məşğələ saatı keçirilmiş, pedaqogikanın və yeni təhsil proqramlarının ən vacib məsələləri müəllimlərlə müzakirə edilmişdir. Seminarlar Şəhər Təhsil Şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin ən təcrübəli müəllimləri tərəfindən aparılmışdır.
Müəllimlərin seminarlarda fəal iştirakı təhsil şöbəsi tərəfindən təmin edilmiş, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 100, riyaziyyat və fizika ixtisası üzrə 85, xarici dil ixtisası üzrə 40, biologiya və kimya ixtisası üzrə 80, informatika ixtisası üzrə isə 40 olmaqla ümumilikdə 345 müəllim məşğələlərdə iştirak etmişlər.
Öncədən hazırlanmış qrafik əsasında növbəti aylarda da onlayn seminarların davam etdirilməsi nəzərdə tutulur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti