Şagirdlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir. Məktəblilərin asudə vaxtının illik həcminin əhəmiyyətli hissəsini yay tətili təşkil edir. Tədris ili boyunca dərs oxuyan, imtahan və digər sınaqlardan keçən şagirdlər psixoloji və zehni yoğunluqdan qurtarmaq üçün yay istirahətinə ehtiyac duyurlar. Ona görə də uşaqların asudə vaxtının, xüsusilə də yay istirahətinin səmərəli təşkili üçün keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Uşaqların asudə vaxtının səmərəli təşkili onları zərərli vərdişlərdən də uzaq tutur.
Bundan başqa uşaqları milli oyunlar oynamağa cəlb etmək, onlarda olan istedadların üzə çıxarılması üçün müxtəlif dərnəklər təşkil etmək, onların maraq dairəsinə uyğun asudə vaxtlarını təşkil etmək məktəbdənkənar təhsil müəssisələrinin daim diqqətində saxlanılır.
Qeyd edək ki, məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda, Şərur rayonunun məktəbdənkənar tərbiyə müəssisələrində 15 adda və Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə isə 2 adda innovativ dərnəklər yaradılmışdır.
Məktəblilərdə müasir biliklərə, yüksək texnologiyalara marağı artırılmasında Robotexnika, mühəndislik bacarıqlarının formalaşmasına, şagirdlərin düşüncə tərzləri əsasında ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihələrin hazırlanmasına geniş imkanlar açan Memarlıq-dizayn, sürətli və dəqiq şəkildə hesablama bacarığının artmasını, onlarda riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın, həmçinin özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsinin formalaşdırılmasında Mental-aritmetik, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, daha az zaman ərzində daha çox məlumat öyrənə bilmək, oxunulan məlumatları uzun müddət yadda saxlaya bilmək, yaradıcı düşünmə bacarığını inkişaf etdirmək baxımından Sürətli oxu, müxtəlif əsərlərin mütaliə edilməsi və səhnələşdirilməsi, şagirdlərdə nitq qabiliyyətinin inkişaf etdirilməsində Dram, uşaqların rəsmə olan maraqlarının artırılmasında Qum sənəti və Ebru sənəti, xalq yaradıcılığı nümunələrini, dekorativ tətbiqi sənətin sirlərini öyrətmək və bunları yaşatmaq baxımından Dulusçuluq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma və Xalçaçılıq dərnəklərinin, həmçinin uşaqların fiziki cəhətdən sağlam formalaşmalarına öz təsirini göstərən Gimnastika dərnəyinin yaradılması istedadlı şagirdlərin üzə çıxarılması və onların potensiallarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm addımlardandır.
Bu il də yay tətili ərzində mövcud vəziyyətə baxmayaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəbdənkənar tərbiyə müəssisələri tərəfindən internet resuslarından istifadə olunaraq şagirdlərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, müxtəlif yaradıcılıq işləri ilə motivasiya etmək üçün mütəmadi olaraq onlayn qaydada yaradıcılıq müsabiqələri, intellektual yarışlar, kitab mütaliələri, videodərslər, ekskursiyalar təşkil edilir.
Hazırda muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrində - Uşaq Gənclər Şahmat məktəbləri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Turist-Diyarşünaslıq Mərkəzi, Ekoloji Tərbiyə Mərkəzi, Uşaq Gənclər İdman məktəbləri ilə yanaşı Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində də onlayn yay dərsləri və dərnək məşğələləri təşkil edilir.
Məktəbdənkənar təhsil müəssisələrində bu cür məşğələlərin keçirilməsi gənc nəslin vətənpərvər, zəhmətkeş, bacarıqlı və cəmiyyətə layiq vətəndaş kimi yetişdirilməsində mühüm rol oynayır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti