Hazırda ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə Alman dili və digər vakant vəzifələrə işə qəbul üçün 18 mart 2020-ci il tarixdə elan edilmiş müsabiqənin 8-18 iyun tarixlərində keçirilmiş test imtahanlarının nəticəsinə uyğun olaraq 5-i Alman dili, 55-i isə digər vakant vəzifələrə uyğun olmaqla 60 nəfər işə qəbul olmuşdur.
8 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul edilən gənc kadrlarla görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada gənclərin yaxşı təhsil alması, onların sağlam, vətənpərvərlik ruhunda böyümələri üçün zəruri şərait yaradılır.
Muxtar respublikada gənclərin potensialından respublikamızın mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi diqqətdə saxlanılır, gənclərə bütün sahələrdə, o cümlədən təhsil sahəsində hər cür şərait yaradılır.
Qeyd olunmuşdur ki, muxtar respublikada təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi gənclərin hərtərəfli inkişafına, imkan və bacarıqlarının reallaşdırılmasına, cəmiyyətin həyatında onların fəal iştirakına stimul vermişdir.
Bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Muxtar respublikada təhsil müəssisələrinin bacarıqlı və bilikli müəllimlərlə təmin olunmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işə qəbulu üzrə müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların məktəbə gəlməsinə, müəllimlərin ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsinə gətirib çıxarır.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində xarici dil olaraq Alman dilinin tədrisi mümkün olan məktəblərdə dərs yükü araşdırılmış, ümumilikdə Alman dili ixtisası üzrə 20, müxtəlif vəzifələr üzrə 120 vakant vəzifə müsabiqəyə çıxarılmışdır. Nəticələrə görə 5 nəfər alman dili üzrə, 55 nəfər isə müxtəlif vəzifələr üzrə işə qəbul olunmuşdur.
Bu gün ölkəmizin dünya ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələri genişlənir. Dünyanın müxtəlif dillərindən istifadə olunması həyati zərurətə çevrilmişdir. Belə bir zərurət isə təhsil müəssisələrinin, ilk növbədə ümumtəhsil məktəblərinin üzərinə ciddi vəzifələr qoyur. İkinci xarici dil fənninin “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinə uyğun olaraq hazırlanmış tədris planına salınması da məhz bu vəzifədən irəli gəlmişdir.
Sonra Təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik etmiş, onlara yeni vəzifələrində uğurlar arzulamış, muxtar respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəsilin yetişdirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək səylə çalışmalarını bildirmişdir.
Təhsil nazirinin müavini Heyran Əhmədova yeni işə təyin olunan kadrlara əmək funksiyaları ilə bağlı hər bir vəzifə haqqında ümumi məlumat vermişdir. Təhsil nazirinin müavini qeyd etmişdir ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Bu səbəbdən 2019/2020-ci tədris ilində savadlı gənclərin işlə təmin olunması istiqamətində ciddi addımlar atılmış və ümumtəhsil müəssisələrində yaranan boş yerlər vakant olaraq müsabiqəyə çıxarılmışdır.
Müavin bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrində Alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün 18 mart 2020-ci il tarixdə elan edilmiş müsabiqə 8-18 iyun tarixlərdə keçirilmişdir. Müsabiqənin nəticəsinə uyğun olaraq Alman dili ixtisası üzrə 20 vakant yerə namizədlərdən 5-i, 120 vakant vəzifə üzrə isə ən yüksək nəticə göstərən namizədlərdən 16-sı kitabxana müdiri, 8-i kitabxanaçı, 9-u psixoloq, 8-i laborant, 1-i tərbiyəçi, 13-ü Uşaq Birliyi Təşkilatının rəhbəri olmaqla, 55 nəfər işə qəbul olunmuşdur. Qeyd olunan vəzifələr üzrə ən yüksək nəticə göstərən kadrlar yeni tədris ilindən fəaliyyətə başlayacaqlar.
Sonra gənc kadrlar adından çıxış edən Röya Məhərrəmova bildirmişdir ki, informasiya texnologiyalarının imkanlarından maksimum şəkildə istifadə etmək bacarığı olan, geniş biliyə və dünyagörüşə malik kadrların hazırlanması və onların fəaliyyəti üçün muxtar respublikada hər cür şərait yaradılmışdır. Bu gün muxtar respublikada təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, informasiya texnologiyaları ilə təmini, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi, ən əsası isə gənc kadrların işlə təmin olunması Naxçıvan gəncliyinə göstərilən diqqət və qayğıdan xəbər verir. Sonra Röya Məhərrəmova həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək qayğıya görə gənc müəllimlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirdi.
Tədbirdə yeni işə təyin edilən gənc kadrlara Təhsil Nazirliyi tərəfindən təlimati materiallar verilmişdir.
Gənc kadrlarla görüşdən sonra onlara ümumtəhsil müəssisələrində üzərlərinə düşən vəzifələrlə bağlı seminar keçirildi.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti