Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Çay daşları üzərində təsvir” adı altında virtual rəsm müsabiqəsi təşkil edilib.
Rəsm müsabiqəsinin keçirilməsində əsas məqsəd vətənimizin gözəl təbiətindən, şırıl-şırıl axan çayların məcrasındakı müxtəlif formalı çay daşlarından məharətlə istifadə etmək, daşların üzərində milli dəyərlərimizi təbliğ etmək və gənclərimizin mənəviyyatının formalaşdırılmasından ibarətdir. Bu da keçmişə bağlılıq və əcdadlara məhəbbətin nümunəsidir.
Müsabiqədə şagirdlər Vətənə bağlılığı və ləyaqəti, təbiəti, işğal altındakı torpaqlarımızı xüsusi məharətlə təsvir edib. Müsabiqəyə 48 rəsm nümunəsi təqdim edilib. Yekun nəticəyə əsasən, Təzəkənd tam orta məktəbin şagirdi Əli Həsənli I, Xıncab kənd tam orta məktəbinin şagirdi Ulfan Abdullayev II, Qarabağlar kənd 1№-li tam orta məktəbin şagirdi Şəfəq Əliyeva III, Qabıllı kənd tam orta məktəbinin şagirdi Əsgərova Həqiqət isə həvəsləndirici yerə layiq görülüb.
Rəsm müsabiqəsinin qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti