Bu gün Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhər məktəbliləri arasında Əyləncəli idman oyunlarının Naxçıvan şəhər birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Naxçıvan Muxtar Respublikası Təhsil və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən oyunların əsas məqsədi bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin, məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, məktəblilər arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi, onlara vətənpərvərlik hissinin aşılanması və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarədir.
3 mərhələdən - “TOPS-1”, “MEQA” və “CƏNGAVƏRLƏR DÖYÜŞÜ” mərhələlərindən ibarət olan əyləncəli idman oyunlarının bugünkü mərhələsində “TOPS-1” və “MEQA” mərhələləri başa çatıb. Komandaların hər birində 5 idmançı və 1 idman müəlliminin iştirak etdiyi oyunun üçüncü mərhələsi və eyni zamanda final mərhələsi sabah eyni məkanda keçiriləcək. Birincilikdə Naxçıvan şəhər məktəblilərindən ibarət ümumilikdə 6 komanda yarışır.
Qeyd edək ki, əyləncəli idman oyunları ümumilikdə bütün muxtar respublika məktəblilərini əhatə etməklə mərhələli şəkildə digər rayonlarda da keçiriləcəkdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti