11 sentyabr 2020-ci il tarixdə Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında velosiped idman yarışı üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 8 tam orta məktəbdən 20-yə yaxın idmançı iştirak edib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışı açıq elan edərək bildirib ki, tədbiri keçirməkdə məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq və velosiped idman növünə cəlb etməkdən ibarətdir. Daha sonra Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov çıxış edərək birinciliyin qaydaları haqqında idmançılara məlumat verib və onlara qalibiyyət sevinci arzulayıblar.
Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən 9 nömrəli tam orta məktəbin şagirdi Murad Abbaszadə I yerə, həmin məktəbin şagirdi İlkin Qurbanov II yerə, 2 nömrəli tam orta məktəbin şagirdi Nizami Məmmədli isə III yerə layiq görülüb.
Sonda qalib və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti