Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə “Həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında mini-futbol birinciliyi keçirilib. Birincilik Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi ilə təşkil olunub. Birincilikdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək, komandalara uğurlar arzulayıb və tədbiri açıq elan ediblər.
Oyunda 5 ümumtəhsil məktəbinin komandası iştirak edib. Olimpiya sistemi üzrə (uduzan çıxır) keçirilən yarışın yekun nəticəsinə əsasən 16 nömrəli tam orta məktəbin komandası I yerə, 10 nömrəli tam orta məktəbin komandası II yerə, 9 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.
Sonda qalib komandalara təşkilatçıların diplomları təqdim olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti