Sentyabrın 11-də Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən onlayn bölmə iclasları keçirilmişdir. İclasda ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, bütün fənlər üzrə fənnbirləşmə rəhbərləri, kitabxana müdirləri, kitabxanaçılar, praktik məktəb psixoloqlar, uşaq birliyi təşkilatı rəhbərləri və qabaqcıl müəllimlər iştirak etmişdir.
İclasda baş məsləhətçi Gülxanım Orucova məktəb rəhbərlərinə bildirmişdir ki, məktəbdə gedən yeniləşmələr onun idarəetmə funksiylarının ciddi surətdə dəyişdirilməsini tələb edir. Pedaqoji şəraiti elmi cəhətdən qiymətləndirmək, təlim-tərbiyənin gələcəyini əvvəlcədən duymaq, işdə əsas məsələləri düzgün seçmək, gündəlik işləri vaxtında icra etmək əsas məsələ kimi qarşıda durur. Müasir məktəbə bir-birilə qarşılıqlı surətdə əlaqədar hissələrdən ibarət bütöv bir sosial pedaqoji sistem kimi baxılmalıdır, bu sistem məktəbin daxilində təşkil olunmuşdur və xarici mühitlə də müəyyən əlaqəyə malikdir.
Bildirilmişdir ki, idarəetmənin təşkili dedikdə rəhbərliyin məktəb daxilində həyata keçirməli olduğu sahələri nəzərdə tutmaq lazım gəlir. Məktəb direktorunun təşkilati işdə aparıcı rolu ondan ibarət olur ki, o, müəllimləri, şagird və valideyn kollektivini və ayrı-ayrı şagirdləri idarəetməyə cəlb edir, kollektivin fəaliyyətində bir sistem yaradır. Məktəb rəhbərindən dərin nəzəri biliyə, təşkilatçılıq bacarığına, kollektivdə müəyyən psixoloji mühit yaratmağa malik olması tələb olunur.
Metodkabinetin müdiri Sabir Məmmədov iclas iştirakçılarına yeni qaydalara uyğun dərs rejiminin və dərs cədvəlinin hazırlanması, illik və gündəlik planlaşdırmaların tərtibi və tədrisin təşkili haqqında metodiki tövsiyələr vermişdir.
Daha sonra təhsil şöbəsinin digər əməkdaşları və qabaqcıl müəllimlər tərəfindən bölmələr daxilində müəllimlərə tövsiyələr verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti