Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 14 sentyabr 2020-ci il tarixdən 2020-2021-ci tədris ilində şəhər ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarında tədrisi təşkil edəcək müəllimlərlə üç günlük onlayn seminara start verilmişdir.
Seminarın keçirilməsində məqsəd beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesinin təşkil edilməsi haqqında müəllimləri məlumatlandırmaqdır. Bildiyimiz kimi, məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-i başlayır və mayın 31-i başa çatır.
Onlayn seminarda Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları,12 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və ümumtəsil məktəblərinin məktəbəhazırlıq qrupunda tədris aparacaq müəllimlər iştirak etmişdir.
Seminarı giriş sözü ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Sabir Məmmədov açaraq müəllimlərə seminarın məqsəd və vəzifələri haqqında məlumatlar vermişdir.
12 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülxarə Tarverdiyeva seminar iştirakçılarına uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafının, sadə əmək vərdişlərinə yiyələnməsinin, istedad və qabiliyyətinin üzə çıxarılmasının, sağlamlığının qorunmasının, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşması haqqında danışmışdır.
Bununla yanaşı məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələlərinin tədrisi haqqında müəllimlərə geniş məlumatlar verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti