Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərində “2020-2021-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərə “Uşaqların zehni inkişafına təsiretmə və inkişafetdirmə bacarıqlarının artırılması” mövzusunda onlayn təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd, müəllimlərin azyaşlı uşaqların təhsilə adaptasiya olunması, uşaqlarda fiziki, əqli, emosional inkişaf bacarıqlarının artırılması və yeni tədris ilində məktəbəqədər təlimin təşkili zamanı yüksək nailiyyətlər qazanma bacarıqlarının formalaşdırılmasıdır.
Təlimə rəhbərlik edən təlimçi müəllim Arifə Əhmədova azyaşlı uşaqların məktəb təliminin hazırlığının məqsədlərindən danışaraq qeyd edib ki, müəllim onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmalı, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməli, uşaqların əqli, sosial-emosional və nitq qabiliyyətini, eləcə də kommunikativ oyun və digər bacarıqlarını inkişaf etdirməlidir.
Sonda təlimdə iştirak edən müəllimlər arasında diskussiya keçirilib və müəllimlərin də şəxsi fikirləri dinlənilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti