• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün175
mod_vvisit_counterDünən1573
mod_vvisit_counterBu həftə10238
mod_vvisit_counterBu ay29729
mod_vvisit_counterÜmumi2970540

Tarix: 18 Yan., 2025

Muxtar respublikada müəllim olmaq istəyənlərin müraciət sayının günü-gündən çoxalması bu peşəyə marağın artmasından xəbər verir

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarına görə 2018-ci ildən muxtar respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılmasına başlanılıb. Ötən dövr ərzində keçirilən 5 müsabiqədə 414 müəllim işlə təmin olunub. Müsabiqənin yüksək nüfuz qazanması və namizədlərin yüksək fəallığının müşahidə olunması isə demək olar ki, sonuncu imtahanda özünü daha çox biruzə verdi. Belə ki, 30 iyun 2019-cu il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 746 nəfər sənəd təqdim etmiş, onlardan 414-ü keçid balını toplamış, ən yüksək nəticə göstərən 130 müəllim işə təyin olunmuşdur.

Bu günə kimi keçirilən müəllimlərin işə qəbulunda nəticəyə gəldikdə isə nəticə ondan ibarətdir ki, son iki ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqələri bir tərəfdən muxtar respublikada gənclərin işlə təmin olunmasında mühüm rol oynamışdırsa, digər tərəfdən də ümumtəhsil məktəblərinin tədris prosesində informasiya texnologiyaları və müasir təlim üsullarından səmərəli istifadə edən, bilikli müəllimlərlə təminatına geniş imkanlar açmışdır. Bu gün muxtar respublika ümumtəhsil məktəblərinə kifayət qədər hazırlıqlı gənc kadrlar gedir və bu da sadəcə gənc müəllimlərin özünün deyil, həm də bütövlükdə müəllimliyin nüfuzunun artmasına səbəb olur. İndi müəllim olmaq istəyənlərin sayı onlarla deyil, yüzlərlədir. Məktəbdə uğur qazanan, təhsildə keyfiyyətə nail olan müəllimlər təkcə məktəblərinin deyil,  bütövlükdə təhsil sisteminin qürur yerinə çevrilir.

“Gələcəyin müəllimi” adına layiq görülən gənc müəllim

Günay Qənbərova 1996-cı ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilinə Naxçıvan şəhər 705 nömrəli tam orta məktəbdə başlasa da, sonra Naxçıvan şəhər 5 nomrəli tam orta məktəbdə davam etdirib və 2014-cü ildə həmin məktəbin məzunu olub. Elə həmin il 584 balla Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Riyaziyat-informatika müəllimliyi ixtisasına qəbul olub. Müəllimliyə sevgisi olsa da, yaxşı müəllim olacağına inamı da məhz universitetdə möhkəmlənib: “IV kursda oxuyurdum. Riyaziyyat müəllimim Nailə Namazova məndən yaxşı müəllim olacağını dedi. Düşündüm ki, o mənə belə deyirsə, deməli, həqiqətdir. O sözdən sonra yaxşı müəllim olacağıma inamım artdı. Amma yaxşı müəllim olmaq üçün də stimul aldım. Özümü bu istiqamətdə inkişaf etdirmək üçün kiçik fürsətləri dəyərləndirdim”. Günay Qənbərova bilik və bacarığına görə seçildiyinə və keçirilən təhsil konfranslarında fəal gənc kimi iştirakına görə Gələcəyin müəllimi təqaüdünə layiq görülüb. 2020-ci il 31 avqust-16sentyabr tarixlərində keçirilən imtahanlarda iştirak edərək yüksək nəticələr göstərib. O, eyni vaxtda 3 məktəbə işə qəbul üçün imtahan  verərək mümkün 60 baldan 56 balla Kəngərli rayon Təzəkənd tam orta məktəbinə, 56 balla Ordubad rayon Çənnəb kənd tam orta məktəbinə və 59 balla Ordubad rayon 1 nömrəli tam orta məktəbinə qəbul olub.

Günay deyir ki, uşaqlıqdan müəllimlik sənətini sevmişəm. Ən böyük arzum gələcəkdə vətənimizə layiq müəllim olmaq idi. Hər bir pedaqoq müəllimdir. Ancaq hər bir müəllim pedaqoq ola bilməz. Mənim ilk məqsədim yaxşı pedaqoq olmağı bacarmaqdır. Şagird ilk öncə müəllimi sevməlidir ki, sonra da onun tədris etdiyi fənni oxumağa meyl etsin. Müəlimlik sadəcə bilik öyrətməkdən ibarət olmamalıdır. Yeri gələndə uşaqlarla dost, oyun yoldaşı, həmsöhbət olmağı da bacarmalı, uşaqların bilik, bacarıq, vərdişlərini aşkar edib onlara peşə seçməkdə düzgün istiqamət verməlidir. İnsan seçdiyi peşədə özünü yaxşı mənada ifadə etməyi bacarmalıdır. Mənim sevərək seçdiyim bu ixtisas elm və texnikanın inkişaf etdiyi bu dövrdə əhəmiyyətli və vacibdir. “Müəllimlik” peşəsi müqəddəsdir. Onu icra etmək böyük məsuliyyət tələb edir və mən bu məsuliyyəti üzərimə götürməyi özümə borc bilirəm. Azərbaycanı bölgələrə ayırmağı sevmərəm. Ancaq Naxçıvanın xüsusilə də Ordubadın şəraiti, münbitliyi, havası, suyu ən əsas da insanlarının mehribanlığı, qonaqpərvərliyi danılmaz faktdır. Dərs dediyim müddətdə hər zaman Vətəninə, millətinə xeyirli ola biləcək insanlar yetişdirməyə çalışacam.

Müəllimlik həm də ananın övladına verdiyi tərbiyə kimi əziz və vacib öhdəlikdir

Ülviyə Babayeva müəllimlərin işə qəbulu üzrə müsabiqənin ən uğurlularından - 2020-ci ilin muxtar respublika birincisidir. O, 1986-cı ildə Babək rayonunda anadan olub. İlk təhsilini Babək rayonu tam orta məktəbində alsa da 1998-ci ildən Ordubad Qizlar Liseyində davam etdirib və 2003-cu ildə həmin liseyi bitirib. Elə həmin il Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub və unuversiteti də əla qiymətlərlə başa vurub. Öz üzərində yorulmadan işləyən gənc, müəllimlik peşəsində ən təcrübəli müəllimlərlə rəqabət aparmağı üstün tutub. 2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 59 bal toplayıb: “Uğurumu daha çox müəllimlərin işə qəbulu müsabiqəsinin şəffaf şəraiti və obyektiv qiymətləndirməsində görürəm, müəllimlərin işə qəbulu müsabiqəsinin şəffaf və ədalətli seçim şərtləri ilə əlaqələndirirəm. İnsanın bilik və bacarığı ilə uğur qazana biləcəyindən əminliyi onu öz üzərində daha çox işləməyə həvəsləndirir. Təbii ki, müəllim olmaq istəyim təsadüfi deyil. Müəllimlik həm də ananın övladına verdiyi tərbiyə kimi əziz və vacib öhdəlikdir. Mənə müəllimliyi elə baxıb örnək götürdüyüm Həsən Əliyev kimi, Əbduləli Mirzəyev kimi müəllimlərim sevdirib. Həmişə onlar kimi müəllim olmaq istəmişəm. Mənə ana dilini sevdirən də, öyrədən də məhz müəllimlərim olub. Mən də öz müəllimlərim kimi Azərbaycanımın gələcəyi üçün faydalı, bilikli və tərbiyəli şəxsiyyətlər yetişdirməyi qarşıma məqsəd qoymuşam”.

Şagirdlərimin sevincini izləmək uğurumun bir parçasıdır

Gənc, bacarıqlı, peşəsini sevən Sahib Əliyev 1995-ci il Şərur şəhərində anadan olub. Şərur şəhər 1 nömrəli tam orta məktəbdə ilk təhsilini alan Sahib Əliyev məktəblərarası keçirilən tarix üzrə fənn olimpiadalarında dəfələrlə qalib olub. 2013-cü il məktəbi bitirib, elə həmin il qəbul imtahanında 534 balla Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimi ixtisasına daxil olub. Sahib müəllim deyir ki, məktəb vaxtlarından tarix fənninə böyük marağım olub. Boş vaxtlarımda çoxlu mütaliə edir, maraqlı tarix kitabları oxuyurdum. Universitetdə oxuduğum illərdə də bir çox tarixlə bağlı  konfranslarda iştirak etmiş, universitetlərarası olimpiadaların qalibi olmuşam.

2018-ci ildə hərbi xidməti başa vurduqdan sonra elə ki, müəllim olmaq vaxtı çatıb Sahib Əliyev müəllimlərin işə qəbulu imtahanında iştirak etməyə qərar verib. 2019-cu ildə Şərur rayonu üzrə vakant yer olmadığı üçün Ordubad rayonunda işləməyə qərar verib. Həmin il keçirilən imtahanlarda 64 bal toplayaraq Ordubad rayonunun Kotam kənd tam orta məktəbində tarix fənni üzrə pedaqoji fəaliyyətə başlayan gənc müəllim kollektivin qısa vaxtda hörmətini və sevgisini qazanıb. “Yaşadığım yerdən uzaqda işləmək ilk vaxtlar mənə çətin görünürdü, amma məktəbin kollektivi məni ilk andan çox səmimi və mehriban qarşıladı. Mənə daim dəstək oldular daim öz təcrübələrini mənlə bölüşdülər”. Gənc müəllim məktəb yolunu bir az yaxınlaşdırmaq istədiyi üçün yenidən müsabiqədə iştirak arzusuna düşüb.  2020-ci ildə işə qəbulla bağlı yaşadığı rayon üzrə 3 vakant yer uğrunda imhanlarda iştirak edib və hər üçünə də yüksək nəticə göstərib. 58 balla Ələkli kənd tam orta məktəbində işə təyin edilib: “Yeni iş yerimdə də kollektiv tərəfindən çox səmimi qarşılandım. Kotam kənd tam orta məktəbində qazandığım təcrübələrimlə burada daha uğurlu pedaqoji fəaliyyət göstərməyə çalışacağam. Mənim üçün uğurun düsturu yoxdur.  Başqalarının  kiçik gördüyü hərəkət mənim üçün uğur ola bilər. Məsələn, hər dərs sonu şagirdlərimin sevincini izləmək uğurumun bir parçasıdır. Sevdiyim peşədə özümü daha da inkişaf etdirib şagirdlərimin sevgisini qazanmağı qarşıma məqsəd qoymuşam. Digər ən vacib məqam isə şagirdlərimə olan sevgim və güclü təhsilin gələcəyinə olan inamımdır”.

Müəllimlik hansısa məktəbdə dərs demək deyil

Şəbnəm Abdullayeva keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin yüksəkballı müəllimlərindəndir. O, 1995-ci ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsili Heydər Əliyev adına tam orta məktəbdə, ali təhsilini isə Naxçıvan Dövlət Universitetinin İngilis dili ixtisası üzrə alıb: “Uşaqlıqdan müəllim peşəsini çox sevmişəm. Məktəb illərində həm anamın, həm də müəllimlərimin timsalında müəllimlik peşəsinin nə qədər müqəddəs bir peşə olduğunun şahidi oldum. Ən əvvəl ona görə ki, anam Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Bəlkə də müəllimlik peşəsini dərindən sevməyimin ən ilkin səbəblərindən biri budur. Daha sonralar Heydər Əliyev adına tam orta məktəbdə oxuyarkən ingilis dili fənnini tədris edən Türkan müəllimə bu fənni bizə daha da sevdirmişdir. Həm müəllimə peşəsini, həm də ingilis dili fənnini sevdiyimə görə belə qərara gəldim ki, mən də ingilis dili müəllimi olum”.

Şəbnəm müəllimə 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində mümkün 60 baldan 58 bal toplayaraq uğurlu nəticə əldə edərək Yarımca kənd tam orta məktəbində İngilis dili müəllimi kimi fəaliyyətə başlayıb: “Məncə, müəllim olmaq təkcə, hansısa məktəbdə dərs demək deyil. Şagirdləri övladın kimi sevmək, onlara qayğı ilə yanaşmaq və hətta lazım gələndə psixoloji dəstək də vermək lazımdır. Mən də bu yolda əlimdən gələni etməyə çalışıram. Mən bu seçimlərimdən heç də peşman olmadım. Muxtar respublikamızın hansı bölgəsində oluramsa olum vətənimə, xalqıma layiqli xidmət edəcəyimə və müəllim adını şərəflə qoruyacağıma söz verirəm”.

Şahbuzun Ordubadlı müəllimi

Zamin Qənbərov 1982-ci ildə Ordubad rayonunun Dəstə kəndində anadan olub. 2016-cı ildə Naxçıvan Dövlət  Universitetinin  Riyaziyyat və İnformatika müəllimliyi  ixtisasına daxil olub və  bu il həmin ixtisas üzrə universiteti bitirib. İlk dəfə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib, mümkün 60 üzərindən 58 bal toplayaraq yüksək nailiyyət əldə edən Zamin müəllim Şahbuz rayonu Kolanı kənd tam orta məktəbinə riyaziyyat müəllimi kimi təyin olunub: “Uğurumun səbəbi müəllimliyə olan həvəsimdir. Müəllimlik çox şərəfli və eyni zamanda çox məsuliyyətli bir peşədir. Bizlərə əmanət olunan şagirdləri, yüksək bilik və bacarıqla yanaşı, vətənpərvərlik və Azərbaycançılıq ideyalarına sadiq,  milli və mənəvi dəyərlərə sahib çıxan, ölkəsi və xalqı üçün faydalı işlər görən şəxsiyyət kimi yetişdirməliyik”. Biz onu bu addımı ilə tanısaq da, bir rayondan digər bir rayona ucqar dağ kəndinə dərs demək üçün yollanan nadir kişi müəllimlərdən olması da onu fərqləndirdi.

Ən böyük uğuru şagirdlərinin sevgisidir

Murad Babayev 1997-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olub. 2015-ci ildə Təzəkənd kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Elə həmin il də Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya ixtisasına daxil olub. 2019-cu ildə universiteti bitirib, hərbi xidmətə yola düşüb. Elə bu il qayıdan kimi müəllimlərin işə qəbulu imtahanında iştirak edərək mümkün 60 baldan 58-ni toplayaraq yüksək nəticə əldə edib: “Hərbi xidmətdən qayıdıb öz ixtisasım üzrə müəllim olmaq qırarına gəldim. Müəllimlik peşəsini çox sevirəm. İxtisasıma o qədər vurğunam ki, bəlkə də elə Coğrafiyanı şagirdlərə sevdirmək üçün müəllimlik peşəsini də bu qədər sevirəm. Müəllimlik mənim üçün müqəddəs peşədir. Təhsildə faydalı fəaliyyətimlə cığır açmaq, bu cür tanınmaq əsas hədəfimdir. Dövlətimin qarşısında sayılıb-seçilənlərdən olmağı hədəfləyirəm. Bütün bunlara nail olacağımı bilirəm, çünki özümə güvənirəm. İnanıram ki, buna nail olacağam və gələcəkdə coğrafiya fənni üzrə savadlı şagirdlər yetişdirəcəyəm”.

Hər qəbul imtahanında uğur qazanan müəllimlərin çoxunun ucqar dağ kəndlərini, sərhəd kəndlərini seçməsinə gəldikdə isə nəticə göz önündədir. Bu gün muxtar respublikanın hansı kəndində və ya şəhərində yerləşməsindən asılı olmayaraq bütün məktəblərdə bərabər imkanların yaradılması, təhsilin inkişafı istiqamətində atılan addımlar, bu sahəyə göstərilən xüsusi qayğı öz bəhrəsini verir. Artıq müəllim olmağı seçən istənilən muxtar respublika gəncinə hansı məktəbdə dərs deməsi və ya gedəcəyi yolun uzaqlığının fərqi yoxdur. Çünki Naxçıvanda ən ucqar dağ kəndinə belə üz tutsaq, əvvəllər keçilməsi mümkün olmayan yollardan, tədrisi çətinlik yaradan məktəblərdən fərqli olaraq, mümkün olan ən qısa zamanda rahat yollarla və ən müasir görkəmli məktəblərlə rastlaşarıq. Bir zamanlar şəraitsiz məktəblərdə təhsildən yayınan şagirdlərdən, müəllimlərdən fərqli olaraq bu gün o məktəblərdə təhsil almağa və təhsil verməyə tələsənləri görürük. Bu isə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının, yaradılan müasir təhsil infrastukturunun, müəllim əməyinə verilən qiymətin, müəllim nüfuzunun artmasının nəticəsidir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg