Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhər Xatirə Muzeyində 9 oktyabr 2020-ci il tarixdə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəb və 14, 15, 16 və 17 nömrəli tam orta məktəblər üzrə 20 nəfər şagirdin iştirakı ilə açıq dərs keçirilmişdir.
Açıq dərsin keçirilməsində əsas məqsəd bugünkü gəncliyə xalqımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalanların şərəfli ömür yollarını öyrətmək və şagirdləri Vətənə, dövlətə, müstəqilliyimizə sadiq ruhda tərbiyə etməkdən ibarət olub.
Muzeyin əməkdaşı Leyla Məmmədova “Milli Qəhrəmanlarımız” mövzusunda açıq dərsdə bildirib ki, Xatirə Muzeyi azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlarla zəngindir. Muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri vəhşilikləri əks etdirən sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar vardır.
Bununla yanaşı qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsi barədə danışan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Azərbaycanı sovet imperiyasının buxovunda saxlamaq və sovet rejiminin hegemonluğunu hələ uzun müddət davam etdirmək məqsədilə Bakıya ordu yeridilməsi və misli görünməmiş qətliam haqqında da şagirdlərə geniş məlumat verilib.
Sonra şagirdlərə muzeydə olan eksponatlar haqqında məlumat verilərək bildirilmişdir ki, ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri bu muzeydəki eksponatlarda öz əksini tapıb.
Qeyd edək ki, 2020-2021-ci tədris ili ərzində oktyabr-noyabr aylarında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Xatirə Muzeyində açıq dərslərin keçirilməsi nəzərdə tutulmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti