“18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş “Dövlət müstəqilliyimiz qürur mənbəyimizdir” mövzusunda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 14 oktyabr 2020-ci il tarixdə məktəbdənkənar müəssisələrin dərnək üzvləri arasında rəsm müsabiqəsi keçirilib.
Müsabiqəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını bildirmiş və Azərbaycanın dövlət müstəqiliyinin bugünkü uğurlar üçün ən etibarlı təməl olduğunu qeyd etmişdir.
Qeyd edilmişdir ki, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib.
Diqqətə çatdırılıb ki, müsabiqənin təşkil edilməsində əsas məqsəd yeniyetmə və gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsinə yaxşı stimul verməklə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsi, şagirdlərə Vətəni sevmək, Vətənə bağlılıq və milli qürur hissinin aşılanmasına səy göstərməkdən ibarətdir.
Rəsm müsabiqəsində Heydər Əliyev Uşaq-Gənclər və Texniki Yaradıcılıq mərkəzlərinin bütün yaş qruplarından olan 20 dərnək üzvü iştirak edib. Müsabiqəyə 2 saat vaxt ayrılıb. Bu vaxt ərzində şagirdlər təsviri sənət janrına müraciət etməklə müsabiqənin mövzusuna uyğun rəsmlər təsvir ediblər. Mövzu üzrə rəsmlər A3+ ölçüdə kağız üzərində sərbəst texnika ilə (karandaş, flomaster, diyircəkli və rəngli qələm, pastel, quaş, akril, sulu boya və s.) işlənib.
Seçim zamanı mövzunu əhatə edən rəsmlər nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ən yaxşı işıq və kölgə həlli əsas götürülərək 1-I yer, 2-II yer, 3-III yer olmaqla 6 yer müəyyənləşdirilib.
Yekunda qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıb və sərgiyə baxış olub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi