Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində Açıq Səma Altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində Gənclərdə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 14 oktyabr 2020-ci il tarixdə növbəti açıq dərs keçirilmişdir.
Keçirilən açıq dərsdə Naxçıvan şəhər 6 nömərli tam orta məktəbin hərbi rəhbəri Mirqafar Seyidov vətənpərvərlik mövzusunda çıxış edərək, bildirmişdir ki, müəllim məktəbdə, ilk növbədə, şəxsiyyət yetişdirir və bu missiyanın təməlində vətənpərvərlik tərbiyəsi dayanır. Bu gün keçirilən tədbir də məhz bu məqsədə xidmət edir. Bu gün biz şanlı ordumuzun mənfur və işğalçı düşmənə qarşı yürütdüyü əks hucum əməliyyatları ərəfəsindəyik, torpaqlarımız bir-bir işğaldan azad olunur.
Naxçıvan şəhər Qızlar Liseyinin və 6, 7, 8 və 9 nömrəli tam orta məktəblərin IX-XI siniflərindən ümumilikdə 40 şagirdin iştirak etdiyi açıq dərsdə şagirdlərə bildirilib ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş silah, texnika və qurğular - haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, yerqazan və maneələğvetmə maşınları, tanklar eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər haqqında şagirdlərə geniş məlumatlar verilib.
Bununla yanaşı dövlətimizin diqqət və qayğısı ilə ümumtəhsil məktəblərində müasir maddi-texniki bazaya malik hərbi kabinələr fəaliyyət göstərir. X və XI siniflərə “Çağırışaqədərki hərbi hazırlıq” fənni tədris olunur. Bütün bunlar yetişməkdə olan gənc nəslin milli ruhda, vətənpərvər gənclər kimi böyümələrinə şərait yaradır.
Qeyd edək ki, oktyabr və noyabr ayı ərzində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Açıq Səma Altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində açıq dərslərin keçirilməsi davam edəcək.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi