15 oktyabr 2020-ci il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəb şagirdləri ilə “18 Oktyabr-Milli Müstəqillik Günü” münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda maarifləndirici söhbət aparılması məqsədilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlahə Fərəcova bu günün tarixi əhəmiyyəti haqqında şagirdlərə məlumat vermişdir. Sonra isə Naxçıvan şəhər M.C.Cəfərov adına 14 nömrəli tam orta məktəbin tarix müəllimi Təhminə İbrahimova “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, döməzdir” mövzusunda çıxış edərək qeyd etmişdir ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Müstəqilliyimizin ilk illərində onun itirilməsi təhlükəsi yarananda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyası həyata keçirərək Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdir.
Qeyd edilmişdir ki, sentyabrın 27-dən növbəti təxribata əl atan Ermənistan ordusuna Milli Ordumuz ikinci aprel dalğasını yaşatdı. Yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutan Ermənistan ordusunun cavabı uğurlu əks-hücum əməliyyatları ilə verilir. Nəticədə bir sıra yaşayış məntəqələrimiz və strateji yüksəkliklər azad edilib. Müqəddəs torpaqlar uğrunda bu gün Azərbaycan əsgəri, zabiti döyüşür. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Sonra Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin hərbi rəhbəri Emil Qurbanov çıxış etmiş, 11 nömrəli tam orta məktəbin şagirdlərindən Əlizadə Nigar Ramil qızı “Azərbaycan Türkiyə”, Quluzadə Alsu Bayram qızı “O, bir ovuc torpaqdır”, Abdullayeva Nərgiz Samir qızı “Azərbaycan” adlı şeirləri səsləndirmişlər.
Ülviyyə HACIYEVAN
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi