Muxtar respublikanın tarixi abidələri, əsrarəngiz gözəllikləri, bənzərsiz təbiəti xalqımızın milli sərvətidir. Bu sərvətlər isə ölkənin tanıdılmasında, xalqımızın mədəniyyətinin təbliğ edilməsində mühüm əhəmiyyətə malikdir. Bu gün qalereya bu vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Öz fondunu ildən-ilə zənginləşdirərək dəyərli sənət əsərlərini, milli-mədəni sərvətlərimizi özündə toplayır, gələcək nəsillər üçün qoruyub saxlayır və milli sərvətlərimizi belə gözəl rəsm əsərləri vasitəsilə təbliğ edir.
Bu məqsədlə Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi 17 oktyabr 2020-ci il tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasında ekskursiyada olub.
Qalereyanın bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki, sərgidə ulu öndər Heydər Əliyevə həsr edilmiş rəsm əsərləri, Naxçıvanın füsunkar gözəlliklərini əks etdirən və mənzərə janrında çəkilmiş əsərlər, tarix-mədəniyyət abidələrinin rəsmləri sərgilənir. XX əsrə məxsus rəngli saplarla toxunmuş xalçalar da ekspozisiyaya gözəllik bəxş edir.
Qalereyada Azərbaycan, o cümlədən Naxçıvan rəssamları ilə yanaşı xarici ölkə rəssamlarının Naxçıvanla bağlı hədiyyə etdikləri əsərlər də yer alıb.
Həmçinin bələdçi bildirmişdir ki, yerli sakinlərlə yanaşı, Naxçıvana ölkəmizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici ölkələrdən gələn turistlər də qalereyanı həvəslə ziyarət edirlər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi