Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Xatirə Muzeyində 16 oktyabr 2020-ci il tarixdə Naxçıvan Qarnizonu tam orta məktəb və Naxçıvan şəhər 10, 11, 12, 13 nömrəli tam orta məktəblər üzrə 20 nəfər şagirdin iştirakı ilə növbəti açıq dərs keçirilmişdir.
Muzeyin əməkdaşı Leyla Məmmədova tərəfindən “18 oktyabr-Azərbaycanın Müstəqilliyi Günü” mövzusunda keçirilən açıq dərsdə bildirib ki, Müstəqillik Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Hər il Müstəqillik Günü 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Bildirilmişdir ki, həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
Bununla yanaşı 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.Sonra şagirdlərə muzeydə olan eksponatlar haqqında geniş məlumat verilmişdir.
2020-2021-ci tədris ili ərzində oktyabr-noyabr aylarında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Xatirə Muzeyində açıq dərslərin keçirilməsi davam etdiriləcəkdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi