Bu gün muxtar respublikada təhsil sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən daha da inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı və bilikli vətənpərvər kimi yetişmələrinə ən layiqli töhfəsini verməkdədir.
Muxtar respublikada istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını möhkəmlətmək üçün bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Şagirdlərdə fənlərə olan marağın artırılması, onların öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədilə olimpiadaların təşkil edilməsi məktəblilər arasında sağlam bilik rəqabəti və bunun sayəsində daha da yüksək nailiyyətlərin əldə olunması ilə nəticələnir. Yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, dünyagörüşünü və asudə vaxlarını səmərəli təşkil etmək məqsədilə oktyabrın 24-də Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilib. Muxtar respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilib. Olimpiadaya ümumtəhsil məktəblərində təhsil alan IX-XI sinif şagirdləri cəlb olunub. Olimpiadaya Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən 129, Heydər Əliyev adına Hərbi Liseydən 32, Naxçıvan şəhərindən 187, Şərur rayonundan 137, Ordubad rayonundan 106, Şahbuz rayonundan 82, Babək rayonundan 69, Culfa rayonundan 69, Kəngərli rayonundan 58, Sədərək rayonundan isə 29 olmaqla, ümumilikdə 898 şagird cəlb edilib. Qeyd edək ki, muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsində il boyu ümumtəhsil məktəblərində olimpiadalara hazırlıq mərkəzlərində fərqlənmiş şagirdlər iştirak edirlər. Bu gün keçirilən olimpiadada biliklərini sınayan ümumtəhsil məktəblərinin şagirdlərinə hər fənn üzrə 30 sual təqdim olunmuş və test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə 90 dəqiqə vaxt verilmişdir. Şəhər və rayon mərhələsində ən yüksək nəticə toplayan şagirdlər muxtar respublika fənn olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.
Son illər muxtar respublika məktəbliləri istər ölkədaxili, istərsə də beynəlxalq səviyyəli müxtəlif növ yarışlarda xüsusi fəallıqları ilə seçilirlər. Bütün bunlar isə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan əlverişli şəraitin və ümumiyyətlə muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi