27 oktyabr 2020-ci il tarixdə Sədərək Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Tarix Diyarşünaslıq Muzeyində Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinə açıq dərs keçirilib.
Muzeyin bələdçisi Novruz Əliyev və Məktəbin Tarix müəllimi Vurğun Əsgərov "Sədərək döyüşləri" mövzusunda açıq dərs keçərək, şagirdlərə bildirmişdir ki, Azərbaycan tarixinin yeni, şanlı bir dövrünün yazılmasının şahidiyik. Elə bu səbəbdən Qeyrət qalası adlandırılan Sədərəyə keçən əsrin 90-cı ilərində erməni vandallarının hücumu haqqında məlumat vermək istəyirəm. Azərbaycan yeni müstəqillik qazandıqdan sonra məlum olduğu kimi bir çox çatışmazlıqlar var idi. Eləcə də Azərbaycanda peşəkar, nizami ordu formalaşmamışdı. Bu səbəbdən ermənilər digər Azərbaycan torpaqlarına, eləcə də Naxçıvana güclü hücumlar etmişdilər. Qeyd etməliyik ki, mühüm strateji məntəqə olan Sədərəyi ələ keçirmək üçün erməni silahlıları ümumilikdə 17 dəfə buraya hücum etsə də öz istəklərinə nail ola bilmədilər. Sədərək camaatı və Muxtar Respublikanın digər rayon və kəndlərindən gələn könüllülər bir yumruq tək birləşərək bütün çətinliklərə baxmayaraq bu qədim diyarı düşmən işğalından qoruya bildi. Bu zaman ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olaraq müdafiəni təşkil etməsi, Sədərəyə xüsusi diqqət yetirməsi və gərgin əməyinin nəticəsində mütəşəkkil birlik yaradıldı və könüllü dəstələr düşmənə layiqli cavab verdi.Bu ağır döyüşlərdə bir çox igidliklər, şücaət göstərilmiş, onlar Tarixin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Həm Sədərəkdən olan, həm də digər rayon və kəndlərdən olan bir çox vətənpərvər oğullar şəhid olmuşlar. Həmin şəhidlərin qanları hesabına əzəli torpaqlarımız düşmən əlinə keçmədi. Mənfur düşmən hal-hazırda olduğu kimi həm də mülki əhali yaşayan evlərə ağır silahlardan atəş açmışdır. Bəzi kənd sakinləri o zaman həyatını itirmiş, bir çoxu yaralanmışdır.Həmin dövrdən uzun müddət keçmişdir. Artıq müzəffər Azərbaycan ordusu mənfur düşməndən şəhidlərimizin intiqamını alır. Çox qısa zamanda erməni hərbi birləşələri diz çökmüş, döyüş qabiliyyətləri itmişdir. Bu gün Sədərək camaatı da rahatdır. Çünki səngərlərdə şanlı Azərbaycan ordusu durub və düşmənin ən kiçik bir səhv hərəkətində qat-qat artıq, layiqli cavab verməyə qadirdir. Tezliklə bütün işğal olunmuş ərazilərimiz işğaldan azad ediləcəkdir və bütün şəhidlərin eləcə də Sədərəyin qəhrəman şəhidlərinin ruhu hüzur tapacaqdır deyə vurğulamışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi