Noyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri Naxçıvan şəhərindəki Xatirə Muzeyində ekskursiyada olublar.
Ekskursiya zamanı muzeyin bələdçisi bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar saxlanılır. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.
Qeyd olunub ki, Xatirə Muzeyi azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlar nümayiş olunur. Bələdçi 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb.Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib. Buna baxmayaraq, naxçıvanlılar düşmənin önündə mərdliklə dayanaraq qəhrəmancasına mübarizə aparıb, Naxçıvanı qoruyub saxlayıblar. Muzeydəki eksponatlar barədə dərnək üzvlərinə bildirilib ki, Xatirə Muzeyində Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar var. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi