7 noyabr 2020-ci il tarixdə "9 noyabr-Dövlət Bayrağı Günü"nə həsr olunmuş “Bayrağımız qürurumuzdur” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Müsabiqəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov çıxış edərək bayrağın hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu bildirib. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir. Bayraq Gününün ümumxalq bayram kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin aşılanması baxımından əvəz olunmaz və təsirli tərbiyə vasitəsidir. Diqqətə çatdırılıb ki, müsabiqənin təşkil edilməsində əsas məqsəd şagirdlərdə müqəddəs bayrağımıza olan sevgini artırmaq, vətənpərvərlik hisslərini möhkəmləndirməkdir.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev çıxış edərək, milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız, milli dəyərimiz, əyilməyən başımız, qürurumuzdur. Qeyd edilmişdir ki, Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçisidir.
Rəsm müsabiqəsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan 18 dərnək üzvü iştirak edib. Müsabiqəyə 2 saat vaxt ayrılıb. Bu vaxt ərzində şagirdlər təsviri-sənət janrına müraciət etməklə müsabiqənin mövzusuna uyğun rəsmlər çəkiblər. Mövzu üzrə rəsmlər A3 ölçüdə kağız üzərində sərbəst texnika ilə (karandaş, flamaster, diyircəkli və rəngli qələm, pastel, quaş, sulu boya və s.) işlənib. Seçim zamanı mövzunu əhatə edən rəsmlər nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ən yaxşı işıq və kölgə həlli əsas götürülüb. Yarışın nəticəsinə görə l yerə 1, II yerə 2, III yerə isə 3 şagird layiq görülmüşdür. Qaliblər diplomla təltif olunmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi