Bayraq keçmişimizdən - əsrdən-əsrə, nəsildən-nəslə ərmağan olan, ululardan miras qalan müqəddəs əmanət varlıq simvoludur. Xalis Azərbaycan sözü olan bayraq ümumtürk mənşəlidir.
Dövrün, dövlətin hadisələrinin ən önəmli əlamətlərinin önündə əks etdirilən bayraqlar mühüm tarixi abidələrdir. Bayraqda ideoloji, siyasi, sosial, sinfi, dini, milli və digər ideyalar cəmləşmiş formada öz təcəssümünü tapır.
Azərbaycan bayrağının tarixi qədimdir. Dövlət yarandığı ilk gündən olaraq bayraqların yaranması da əsas olaraq sayılırdı. Bayraq dövlətin varlığının, onun mövcudluğunun göstəricisidi. Heç bir dövləti bayraqsız təsəvvür etmək olmaz. Hər bir dövrdə Azərbaycan dövlətinin bayraqları müxtəlif xarakterli olub, müstəqil dövlətçiliyimizin rəmzi kimi əhəmiyyət kəsb edib. Qızılı zanbaq gülləri ilə əhatələnmiş qırmızı dairənin içində Allah sözü yazılan Gəncə xanlığının bayrağı, qızıl ipəkdən səkkizgüşəli və nəbati elementləri əks etdirən üst zolağının üzərində qızıl saplarla Allah dərgahından kömək, qələbə yaxındır möminlərə müjdə ver Ya Məhəmməd ayəsi həkk olunmuş Naxçıvan xanlığının bayrağını xüsusi qeyd etmək istəyirəm. Bayrağımızın müqəddəs Qurani-Kərim kitabı ilə birlikdə üstünlük təşkil etməsi qədim tarixə dayanan bir dəyərdir. Məhz bu müqəddəsliyi təsdiqləyən amillərdən biri də dövlət başçılarının bayraq qarşısında and içib xalqına, vətənə sadiq qalacaqlarına söz vermələridir. Azərbaycanın dövlət himnində də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamağı xalqımın daim ucalmaq amalı arzulanır. Tarixin keşməkeşli yollarından keçib illərin sınağından çıxan üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da yaranıb. Üstündə ay ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi əsasını tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlığı və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə islam sivilizasiyasının məsumluq anlamını ifadə edir.
İlk dəfə üç rəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından Əli bəy Hüseynzadə gündəmə gətirib. Bayrağın üzərindəki aypara türk xalq simvolu, səkkizgüşəli ulduzun mənası isə Azərbaycan sözü ilə bağlıdır və səkkiz türk xalqının simvoludur. 70 il ərzində nə vaxtsa yenədə öz azadlıq duyğularını məhz üçrəngli bayrağına sarılaraq bayrağının Azərbaycan üzərində məğrurluqla iftixarla, dalğalanacağını səbirsizliklə gözləyən xalqım öz arzularına çatdı.
Üzərindəki o ay ulduz evlərə işıq saçaraq gələcək parlaq günlərinin müjdəçisi idi. Ağır tarix yüklü yollardan keçən xalqımız öz azadlıq ruhuna qovuşdu. Bir qartal pəncəsi kimi xalqımızın üzərinə qoruyucu prinsip ilə duran qəlbi vətən eşqilə döyünən, vətən uğrunda ölməyi onun müqəddəsliyini qorunmasını şərəf hesab edən ulu öndər Heydər Əliyev üçün dövlət bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi çağırış idi. Və bununla 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Dövlət atributlarını bərpa edən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı sadəcə bayraq deyil o bizim dövlətimizin müstəqilliyimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Üç rəngli bayrağımız dərin məhəbbət rəmzi olaraq hər il noyabrın 9-u konstitusiyaya əsasən Bayraq Günü kimi qeyd olunur.
Bayrağımız respublikada fəaliyyət göstərən xarici ölkə səfirliklərinin yerləşdiyi binalarda, beynəlxalq sularda üzən gəmilərimizdə əzamətlə dalğalanır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin milli ideyalara münasibəti də açıq görünür. 17 noyabr 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının da yaradılması ilə bağlı sərəncam imzalandı. Ən uca bayraqlardan biri Xəzər dənizinin qərb sahilində dalğalanır. Dünyanın ən gözəl bayraqlarından biri üçrəngli ay-ulduzlu ilahi bəxşişi bir daha enməyəcək səviyyədə Azərbaycanı, yəni məni, səni, onu bizim dünyanın hər bir qitəsinə aparır. Dünyanın ən gözəl bayrağı millətimizin imzasını dünyada təsdiqləyir. Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox, insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan, bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir.
Azərbaycan Respublikasının Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir. Bu gün ölkəmizin guşələrində də yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixində imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Hörmətli Sədrimizin dediyi kimi: “Dövlət bayrağı müstəqilliyi təcəssüm etdirir. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır. Bayraq millətin şərəfi, onun milli varlığının təsdiqidir. Xalqın və dövlətin simvolu olan bayraq hər zaman ucalarda tutulur. Dövlət bayrağına ehtiram göstərilməsi hər bir vətəndaşın müqəddəs borcu, dövlətin suverenliyinə olan sevgi və hörmətinin göstəricisidir”. Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyində müxtəlif tədbirlərin keçirilməsi ənənə halını almışdır. Muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının kollektivləri muzeyi ziyarət edir, burada onlara dövlət və döyüş bayraqlarımız haqqında ətraflı məlumatlar verilir. Bayrağımıza ehtiram hissini gücləndirmək məqsədilə dövlət qulluğuna yeni təyin olunmuş gənclərin andiçmə mərasimlərinin burada keçirilməsi onların bayrağımız haqqında daha geniş bilgilərə malik olmalarına şərait yaradır. Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı və Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanır. Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcəkdir. Əbədi müstəqilliyimizin simvolu kimi daim uca zirvələrdə dalğalanan bayrağımız milli dəyərimiz, əyilməyən başımız, qürurumuzdur.
Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Bu gün xalqımız növbəti qürur və şərəf tarixini yenidən yazmaqdadır. Qürur, mərdlik qəhrəmanlıq silsiləsini birlikdə daşıyan xalqımız illərdən bəri həsrətlə gözlədiyi “Vur komandir! Vur!” əmrini yerinə yetirir. Xalqımın cəngəvər oğulları hər şeyi gözə alaraq qanından, canından keçərək üç rəngli bayrağa sarılıb ən uca zirvəyə qalxmağı arzulayır. Vaxtilə özlərini hansısa qəhrəmanlara bənzətməyə çalışan oğullar indi özləri qəhrəmanlıq simvolunu yaradırlar, qəhrəmanlıq dastanını yazmaqdadırlar.
İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımızın igid oğulları üçrəngli bayrağımızı qürurla sancaraq illərdən bəri həsrətlə gözlədiyimiz sevinci bizə hər dəfə yaşadırlar. XXl əsrin sərgərdəsi İlhamla irəli addımlayan ordumuz Ali Baş Komandamıza öz sadiqliyini nümunəsi olaraq torpaqlarımızı geri qaytarmaq arzusu ilə səngərdə döyüşərək qəhrəmanlıq göstərərək bayrağımızı ən uca zirvələrə sancib türkün gücünü dünyaya göstərirlər. Bu gün üçrəngli bayrağımız hər zaman bizi dəstəkləyən bir ananın iki qolu duyğusu ilə - qardaş Türkiyə ilə qoşa dalğalanır. Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyaya təsdiqləyir.
Nurlana Həsənova
Heydər Əliyev adına tam orta
məktəbin tarix müəllimi