“17 Noyabr-Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə tərəfindən noyabrın 16-da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının əməkdaşı Elxan Babayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edildi. Türkçülüyü, müasirliyi və dini inancımızı təcəssüm etdirən bayrağımız bizə öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Bu gün hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Müsabiqənin əhəmiyyətindən danışaraq bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı suverenliyimizin rəmzi olan dövlət bayrağı haqqında biliklərin aşılanması, şagirdlərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq və onlarda yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarətdir.
Çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü Elxan Yurdoğlu müsabiqənin əhəmiyyətindən danışaraq bu cür tədbirlərin keçirilməsinin şagirdlərin vətənpərvərlik ruhunda formalaşmasına müsbət təsirlərini qeyd etmişdir.
Qeyd edək ki, müsabiqə iki mərhələdə keçirilib. Birinci - şəhər (rayon) mərhələsi 13 noyabr 2020-ci il tarixdə keçirilmiş və qaliblər müəyyənləşdirilmişdir. İkinci - muxtar respublika mərhələsində isə şəhər (rayon) mərhələsində I və II yerlərin qalibləri olan 13 şagird iştirak edərək mövzu üzrə şeirlər bədii qiraət etmişlər.
Sonra münsiflər heyəti tərəfindən qiymətləndirmələr aparılmış, nəticələrə uyğun olaraq bir şagird I yer, iki şagird II yer, üç şagird III yer, üç şagird isə həvəsləndirici yer olmaqla, 9 qalib müəyyən edilmişdir. Nəticələrə əsasən şeir müsabiqəsinin qalibi Sədərək rayon Qaraağac kənd tam orta məktəbin IX sinif şagirdi Qasımov İsmayıl Bəxtiyar oğlu, inşa yazı müsabiqəsinin qalibi isə Culfa rayon Yaycı kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əsədova Mehranə Salman qızı olub.
Sonda şeir müsabiqəsinin qalibləri ilə yanaşı noyabrın 11-də Konstitusiya Günü ilə bağlı “Mənim hüquqlarım” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri də diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi