Cəlil Məmmədquluzadənin Ev Muzeyində Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təçkilatçılığı ilə “Azərbaycan tənqidi realizminin yaradıcısı Cəlil Məmmədquluzadə” mövzusunda açıq dərs keçirilmişdir.
Açıq dərs Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səadət Əsgərova tərəfindən aparılmış, dərsdə Naxçıvan şəhər 3, 4, 5 və 8 nömrəli tam orta məktəblər üzrə 20 şagird iştirak etmişdir.
Bildirilmişdir ki, Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində öz xidmətlərilə bir sıra yeni ədəbi-bədii istiqamət və meyllərin meydana gəlməsində geniş şöhrət qazanan görkəmli şəxsiyyət kimi Cəlil Məmmədquluzadənin (1869-1932) adı birinciliyə malikdir. Cəlil Məmmədquluzadə Azərbaycan ictimai fikri və ədəbiyyat tarixində tənqidi realizmin banisi, mənzum, həm də alleqorik dramın müəllifi, tragikomediyanın qüdrətli yaradıcısı, yenitipli satiranın azmanı, azərbaycançılıq ideyasının öncülü, yeni tipli mətbuatın və jurnalistikanın ustadı, mollanəsrəddinçilik təliminin ideoloqu, ağsaqqalı və yolgöstərəni olub. Çoxsaylı belə xidmətlərilə şöhrətli olan Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının düşünən beyni və mübariz əsgəridir. Bu cəhətdən XX əsrin əvvəllərində yeni epoxada onun adı və yaradıcılığı yeniləşmə, milliləşmə və müstəqilləşmə düşüncəsinin məbədi kimi xatırlanır.
Cəlil Məmmədquluzadə hələ cavan yaşlarından etibarən mənsub olduğu ölkə, Şərq, Rusiya, Qərb mədəniyyətləri və ədəbiyyatları, dövrün maarifçi ideyaları və ictimai fikri ilə dərindən tanış olmuş, yazıçı və vətəndaş kimi öz yolunu müəyyənləşdirmişdir. Böyük demokrat ədibin uğrunda ardıcıl olaraq mübarizə apardığı tənqidi-realist ədəbiyyat, satira mətbuatı və milli istiqlal mübarizəsi onu Azərbaycan ədəbi-ictimai fikrinin ön cəbhəsinə gətirib çıxarmışdır. O, Azərbaycanda yeni tipli realist-satirik ədəbiyyatın və demokratik mətbuatın əsasını qoymuşdur.
Açıq dərsdə şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Muzeydə nümayiş olunan görkəmli yazıçıya və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və digər qiymətli eksponatlar şagirdlər tərəfindən maraqla izlənilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi