Təbiidir ki, gənclərin vətənpərvər ruhda tərbiyələnməsi, dövlət bayrağını sevməsi ailədən və təhsildən başlayır. Bu məqsədlə 17 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təçkilatçılığı ilə Dövlət Bayrağı Meydanı və Muzeyində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda açıq dərs keçirilmişdir.
Açıq dərs Qızlar Liseyi və Naxçıvan şəhər 5, 6, 7 və 8 nömrəli tam orta məktəblər üzrə 20 nəfər şagirdin iştirakı ilə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov tərəfindən aparılmışdır.
Azad Şirzadov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dövlətçilik ənənələri hələ qədim dövrlərdə mövcud olmuş etnik-siyasi özünütəşkil mədəniyyətinə söykənən xalqımızın bu gün müstəqil bayrağa malik olması onun mənəvi haqqıdır. Bayrağımızı hər bir azərbaycanlının qürur mənbəyinə çevirən də bu müqəddəs rəmzin xalqımızın mübarizlik ruhunun simvolu olmasıdır. Bu ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının ən canlı və ən şanlı təcəssümüdür. Məhz mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin bütün dövrlərində həm də qədim Naxçıvanın timsalında Azərbaycan dövlətçiliyi öz kökləri ilə keçmişinə bağlı olub, tarixi ilə birgə yaşamağı, keçmişi ilə bu gününün vəhdətini yaratmağı bacarıb. Ona görə də dövlətçiliyimiz milli siyasət və ideologiyanın ən mühüm simvolu olan tarixi bayraq ənənəsində də özünün maddi, mənəvi və siyasi mədəniyyətinin əsas özəlliklərini, başlıcası isə ölməz milli ruhunu daim yaşatmaqdadır.
Sonda muzeyin əməkdaşı tərəfindən şagirdlərə muzeydə olan eksponatlar haqqında məlumat verilmişdir. Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri şagirdlər tərəfindən maraqla izlənilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi