Bu gün Xok kənd tam orta məktəbində yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün Tədbirlər Planına uyğun olaraq Kəngərli Rayon Təhsil Şöbəsinin və Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə 50 şagird iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd televiziya və radio kanallarında, sosial şəbəkələrdə yol hərəkəti ilə bağlı qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumatların ümumtəhsil məktəblərinin müəllim və şagird ictimaiyyətinə çatdırılması, təhsildə fərqlənən məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə mütəmadi cəlb edilməsinin stimullaşdırılması, uşaqların diqqətini yolda təhlükəsizlik qaydalarına yönəltmək, yol keçidi qaydaları haqqında onları məlumatlandırmaqdan ibarət olub.
Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin əməkdaşı Yunis Ələkbərov bildirib ki, müasir dövrdə, xüsusilə də nəqliyyat-kommunikasiya infrastrukturunun sürətlə inkişaf etdiyi zamanda azyaşlıların, şagirdlərin yol hərəkəti qaydalarını bilməsi mühüm amilə çevrilib. Tədbirdə çıxış edən Kəngərli Rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Hüseyn Əliyev qeyd edib ki, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsi diqqət mərkəzindədir. O, yol hərəkəti nişanları ilə bağlı geniş məlumat verərək əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə edib və hamını qanunlara riayət etməyə çağırıb.
Tədbirdə yol hərəkəti qaydalarının izahı zamanı uşaqlara yol hərəkət qaydalarının daha yaxşı qavranılmasına kömək edəcək yardımçı tədris vasitələrindən istifadə olunub. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi