25 noyabr 2020-ci il tarixdə Bəhruz Kəngərlinin Ev Muzeyində Naxçıvan şəhər M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbin şagirdlərinə “Peşəkar rəssam Bəhruz Kəngərli” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsi keçən muzeyin baş fond mühafizi Səmanə Rüstəmova bildirib ki, həyatı və yaradıcılığı gələcək nəsillər üçün örnək olan şəxsiyyətlər arasında Azərbaycan rəssamlığına əvəzsiz xidmətlər göstərmiş Bəhruz Kəngərlinin yaradıcılığı çox zəngin və mövzu etibarilə əhatəlidir. Bəhruz Kəngərlinin sənət irsi Vətən gözəllikləri və taleyinin rəngli təsviri deməkdir. Çünki rəng rəssamın göstərmək istədiyi məqsədlərin qabarıq təqdimidir. Onun dərin həvəslə yaratdığı təbiət mövzusundakı əsərlərində hər cəhətdən zəngin və gözəl ana yurdumuzun füsunkar təbiəti, insanı valeh edən ecazkar gözəllikləri əks olunub. Cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmaz nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır.
Açıq dərs şagirdlər tərəfindən maraqla dinlənilmiş, sonda isə ekspozisiya zallarına baxış olmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi