Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrasının təmin olunması məqsədilə 26 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən Naxçıvan Dövlət Texniki Kollecində “Mühasibat uçotu” ixtisasının tələbələri ilə açıq dərs keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək Sərəncamın muxtar respublikanın təhsil həyatında oynadığı mühüm əhəmiyyətli rolundan bəhs edib. Direktor bildirib ki, Sərəncam muxtar respublikada təhsilin hüquqi baza əsasında davamlı inkişafının təmin olunmasına yönəlib. Bundan əlavə, Sərəncamın icrası muxtar respublikada təhsil sahəsində inkişaf və dinamikanın təmin olunmasında, tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsində, onların ixtisasyönümlü bacarıqlarının formalaşmasında, nəzəri biliklərinin inkişaf etdirilməsində, praktiki fəaliyyətlərinin ilkin əsaslarının yaradılmasında və dövlət qurumları ilə təhsil müəssisələri arasında qarşılıqlı, səmərəli əlaqələrin qurulmasında vacib rol oynayaraq mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Xudiyev Qənbər tərəfindən elektron tədris vəsaitindən istifadə etməklə “İqtisadi sahələrin maliyyələşdirilməsinin spesifik xüsusiyyətləri” mövzusunda tələbələrə öyrədici təlim keçirilib. Mövzu ətrafında tələbələri maraqlandıran suallar cavablandırılaraq onların zəruri biliklərlə tam təmin olunması istiqamətində səmərəli fəaliyyət aparılıb.