Noyabrın 28-də Sədərək kənd 1 nömrəli tam orta məktəbdə tarixi fənnindən açıq dərs keçirilib. “Əfşarlar İmperiyası” mövzusunda keçirilən açıq dərsdə Sədərək Rayon Təhsil Şöbəsinin əməkdaşları da iştirak edib.
Məktəbin tarix müəllimi Vurğun Əsgərli tərəfindən şagirdlərə Əfşarlar dövləti haqqında məlumat verilərək bildirilib ki, Əfşarlar sülaləsi qədim türk sülalələrindən biridir. Bu sülalənin ən tanınmış nümayəndəsi Nadir şah olmuşdur.
1736-cı ildə Muğan qurultayında özünü şah elan edən Nadir şah Şərqi Anadoludan başlayaraq Hindistana qədər geniş ərazini əhatə edən böyük bir imperiya yarada bilmişdir. Bacarıqlı sərkərdə olan Nadir Şah 1737-ci ildə Əfqanıstanı, 1739-cu ildə Hindistanı, 1740-cı ildə isə Türküstanı fəth etmişdir. Öz dövrünün ən güclü imperiyalarından hesab olunan Əfşarlar dövlətinin qurucusu Nadir şah tək hərbi sahələrdə deyil həmçinin bir çox vacib məsələlərdə də islahatlar həyata keçirmişdir. Onun zamanında vergilərin toplanmasında özbaşınalıqlar aradan qaldırılmış, dəqiq maliyyə sistemi qurulmuş, nizam-intizam yaradılmışdır. Nadir şah həmçinin Azərbaycan tarixində ilk hərbi donanma yaratmaq haqqında düşünən dövlət başçısı olaraq tarixə düşmüşdür. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən sonra yaratdığı böyük imperiya ayrı-ayrı xanlıqlara parçalanmışdır. Nadir şahı Şərqin Son Fatehi və ya Şərqin Napoleonu da adlandırırlar deyə vurğlanmışdır.
Müəllim dərsdə intraktiv təlim metodlarından, proektordan, kompüterdən, xəritələrdən və əlavə təlim vasitələrindən istifadə etməklə dərsi müasir tələblər səviyyəsində qurmağı bacarıb. Yeni mövzu şagirdlərə çatdırıldıqdan sonra onları maraqlandıran suallar müəllim ərəfindən cavablandırılıb.
Qeyd edək ki, Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən 28 noyabr tarixindən həftədə iki dəfə olmaqla ümumtəhsil məktəblərində açıq dərs keçirilməsinə başlanılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi