Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi arasında təşkil olunan dərsi bölmənin sədri, akademik İsmayıl Hacıyev keçib. Dərsdə Heydər Əliyev muzeyi ilə də interaktiv əlaqə yaradılıb. 200-dən artıq ümumtəhsil müəssisəsinin canlı bağlantı vasitəsilə iştirak etdiyi interaktiv dərsdə ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, ulu öndərimiz xalqımızın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali ideyaların gerçəkləşməsinə nail olub, dahi rəhbərin mənalı həyat yolu müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilib.Akademik İsmayıl Hacıyev vurğulayıb ki, dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli lideri etdi. Müstəqil dövlətçilik yolunda ilk addımları məhz Naxçıvanda atan ümummilli liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanı müstəqilliyə aparan tarixi qərarlar qəbul edilib.Bildirilib ki, ümumilli liderimizin Naxçıvandan başlatdığı ordu quruculuğunun davam etdirilməsi Azərbaycana Qafqazda ən güclü Orduya sahib olmaq nüfuzu qazandırıb. Məhz bu ordunun qətiyyəti nəticəsində işğal altında olan torpaqlarımız azad edildi, dünya Azərbaycanın Böyük Qələbəsinin şahidi oldu.