Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır!” adlı sərgi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin “Memarlıq” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova tarixi qələbə münasibətilə hər kəsi təbrik edib, gələcəyimiz olan uşaqları tariximizi unutmamağa çağırıb.
Memarlıq və Mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov təşkil edilən sərgini yüksək qiymətləndirib və bu münasibətlə uşaqları təbrik edib.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin direktoru Aytən Bağırova bildirib ki, əsərlərdə qələbə əhval-ruhiyyəsi öz əksini tapıb. Vurğulanıb ki, çəkilən rəsm əsərlərində şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti ifadə olunub.
Şagirdlərin ifasında Qarabağa həsr edilən şeirlər səsləndirilib. Sonra sərgidə təqdim edilən rəsm əsərləri diplomlarla təltif edilib. Sonda sərgiyə baxış olub.