Dekabrın 18-də Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində ümumi təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinin təbliği, təşviqi və maarifləndirmə işinin səmərəli təşkili məqsədilə təbliğat-təşviqat işinin təşkili ilə bağlı Sədərək Rayon Təhsil Şöbəsinin və Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Şöbəsinin, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak edib.
Tədbirdə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin əməkdaşı Arzuman Abdullazadə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd yol hərəkəti ilə bağlı qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumatların ümumtəhsil məktəblərinin müəllim və şagird ictimaiyyətinə çatdırılması, təhsildə fərqlənən məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə mütəmadi cəlb edilməsi, uşaqların diqqətini yol nişanlarına, yolda təhlükəsizlik qaydalarına yönəltmək, yol keçidi qaydaları haqqında onları məlumatlandırmaqdan ibarətdir.
Sədərək Rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Anar Babayev məktəblilərə yol nişanları haqqında məlumat verərək yollarda piyada keçidləri üçün nəzərdə tutulan piyada zolaqlarından istifadənin zəruriliyindən danışıb. Bildirilib ki, dərs saatları bitdikdən sonra yollarda nəqliyyat vasitələrinin sıx olduğunu nəzərə alaraq şagirdlər dərslərdən evə gedən zaman səkilərdə, piyada keçidlərindən istifadə etməlidir. Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda məktəbin qarşısında yerləşən yolda şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyyələr verilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi