Azərbaycan xalqının ulu öndərinin adını daşıyan Heydər Əliyev Muzeyində 17 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə növbəti açıq dərs keçirilmişdir.
Muzeyin əməkdaşı tərəfindən “Heydər Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda keçirilən açıq dərsdə bildirilmişdir ki, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlilərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün qeyd edilməsi isə bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə çevrilmişdi.
Bildirilmişdir ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini Ulu öndər hələ 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən diqqət mərkəzində saxlamışdır. Ümummilli liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən 1991-ci ilin son günü - 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunmuşdur. Bayramın bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edildiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir”.
Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
Qədim tarixə malik xalqımız “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir.
Şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşı tərəfindən cavablandırılmışdır.
Sonda şagirdlərə muzeyin eksponantları haqqında geniş məlumat verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi