Naxçıvan Qarnizonu tam orta məktəbində şagirdlərin azərbaycançılıq məfkurəsi və milli vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə “Vətənimizə xidmət edək” layihəsi çərçivəsində müasir İKT innovasiyaları tətbiq etməklə açıq dərslər keçirilir.
Şanlı Azərbaycan Ordusunun Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin Komandanlığı altında əks-hücum əməliyyatı keçirərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən uğurla azad etməsi və Qələbənin əldə edilməsi bütün xalqımız kimi şagirdlərin də böyük sevincinə səbəb olmuşdur. Bu Zəfər Bayramı ərəfəsində şagirdlərin hərbi vətənpərvərlik hisslərinin artırılması məqsədilə Naxçıvan Qarnizonu tam orta məktəbində “Çağırışaqədərki hazırlıq” fənnindən açıq dərs keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həmin dərslər internet vasitəsilə muxtar respublikamızın bütün ümumtəhsil məktəblərində yayımlanıb.
Naxçıvan Qarnizonu tam orta məktəbin “Çağırışaqədərki hazırlıq” fənn müəllimi Mirsucayət Seyidov tərəfindən aparılan açıq dərsdə müəllim elektron lövhə vasitəsilə zirehli döyüş paltarlarının yaranma tarixindən slaydlar göstərərək şagirdlərə zirehin döyüşçülər üçün əhəmiyyətindən danışıb. Sonra əsrlər ərzində elmin və texnikanın inkişafı nəticəsində XIX əsrin sonları və XX əsrin əvvəllərində ilk zirehli texnikaların yaradılması və I Dünya müharibəsində istifadə olunması haqqında, bunun davamı olaraq isə XX əsrdə daha yüksək inkişaf nəticəsində II Dünya müharibəsində istifadə olunan daha yüksək gücə və manevrliliyə malik zirehli texnikalar haqqında slaydlar nümayiş etdirilib. Qeyd edilib ki, Azərbaycanın böyük oğlu 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları general-mayoru Həzi Aslanov da məhz T-34 tankı ilə böyük qəhrəmanlıqlar və şücaət göstərmişdir. Dünya ölkələrinin XX əsrin 2-ci yarısından sonra hərbi sənayedə baş verən gərgin rəqabəti nəticəsində daha modern zirehli texnikaların yaranması və müasir müharibələrdə tətbiqi barədə slayd və videoçarxlar barədə şagirdlərə məlumat verilib. Xüsusi olaraq qeyd olunub ki, 44 günlük 2-ci Qarabağ Savaşında Müzəffər Ordumuz müasir zirehli texnikalardan məharətlə istifadə edərək düşməni darmadağın edib, çoxlu sayda düşmənin zirehli texnikalarını həm məhv edib, həm də hərbi qənimət kimi ələ keçirib. Vurğulanıb ki, müasir zirehli döyüş texnikasına sahib olmaq ordunun qüdrətli olmasının əsas şərtlərindən biridir. Bu texnikalar müdafiə sistemi yaratmaqla yanaşı, düşmənə öldürücü zərbələr endirməklə də hücum anında xüsusi rol oynayır. 2-ci Qarabağ müharibəsində bizim döyüşçülərimizin göstərdiyi nailiyyətlər buna əyani sübutdur.
Məşğələnin sonunda sual-cavab aparılıb və fərqlənən şagirdlər qeyd olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi