Dekabrın 25-də Sədərək Rayon Tarix Diyarşünaslıq Muzeyində “Qarabağ Azərbaycandır” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsdə iştirak edən Təhsil Şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin şagirdlərinə muzeydə yerləşən eksponatlar haqqında məlumat verilib. Sədərək kənd 2 nömrəli tam orta məktəbin Tarix müəllimi Vüqar Zamanov Qarabağ müharibəsinin tarixindən danışaraq bildirib ki, hələ XIX əsrin əvvəllərindən sistemli şəkildə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılmasından sonra burada ciddi ərazi problemləri üzə çıxmışdır.
Ötən əsrin sonlarından başlayaraq bu münaqişə daha genişlənmişdir. Bu dövrdə ermənilər tərəfindən torpaqlarımız işğal edilmişdir. Bu işğal nəticəsində bir çox vətəndaşımız öldürülmüş, minlərlə soydaşımız öz torpaqlarından didərgin salınmışdır. Elə bu dövrdə ermənilərin Sədərək rayonu üzərinə də hücumları artmış, nəticədə yerli əhali içərisində bir çox ölən və yaralanan olmuşdur. 30 ilə yaxın müddətdə münaqişə dondurulmuş halda saxlanmış, BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini layiqincə müdafiə etməmiş, hətta bəzi hallarda işğalçını dəstəkləmişdir. Müəllim diqqətə çatırıb ki, sentyabrın 27-dən Azərbaycan Respublikası Prezidentinin başçılığı və komandanlığı altında Azərbaycan Ordusu işğalda olan ərazilərimizi çox qısa bir zamanda işğaldan azad etmişdir. İşğalçılar tarixi torpaqlarımızdan qovulmuş, düşmən diz çökdürülmüşdür. Azərbaycan xalqı bu Vətən Müharibəsində yekdilliklə Prezidentimizi, Ordumuzu dəstəkləmiş, bir yumruq kimi birləşmişdir.
Vurğulanıb ki, bu müharibədə qəhrəman oğullar düşmən qarşısında igidlik göstərmişdir. Bütün dünya bu 44 gündə ölkəmizin son illərdə necə inkişaf etdiyini, hərbi, siyasi və iqtisadi baxımdan Cənubi Qafqazda lider dövlət olduğunu görmüşdür. Və biz, bu gün rahatlıqla, alnıaçıq, üzüağ, qürurla QARABAĞ AZƏRBAYCANDIR! deyirik.
Dərsin sonununda şagirdləri maraqlandıran sular cavablandırılmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi