Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasından ibarətdir. Bu təlim metodu Azərbaycan təhsilinə müstəqil düşünə bilən, karyera seçimini şüurlu şəkildə etməyi bacaran, gələcəkdə öz bacarıqlarını əmtəəyə, dəyərə çevirə bilən, sahibkarlıq ruhu olan gənclərin yetişməsinə səbəb olacaq. Ümumiyyətlə, təhsilə qoyulan investisiyanın, gətirilən yeni təlim metodlarının müsbət təsiri çoxdur. Burada qazanan həmişə şagirdlərdir. Şagirdlər quru ənənəvi dərsdənsə, fəaliyyətdə olub qurma, yeni texnologiyalar ilə işləməyi sevirlər.
İlk olaraqa dərslərin STEAM əsaslı qurulması üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, real həyat problemlərinin həlli üçün seçilmiş üsullar nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin planlanmasında və mərhələlərin düzgün icra olunmasına nəzarət etməkdə şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində noyabrın 25-dən muxtar respublika ümumtəhsil məktəblərindən 28 məktəb üzrə 30 müəllimin iştirak etdiyi STEAM təlim metodunun tədrisi məqsədilə təlimlər keçirilmişdir. Bir ay ərzində keçirilən təlimlər nəticəsində müəllimlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və s. bu kimi istiqamətlərdə məlumatlara yiyələnmişlər.
Təlimlərdə iştirak edən müəllimlərə nəzərdə tutulan proqram əsasında STEAM tədrisi üçün istifadə olunan “www.tinkercad.com” səhifəsindən onlayn istifadə bacarıqları mənimsədilmişdir.
Müəllimlər “www.tinkercad.com” səhifəsində müəllim və şagird qeydiyyatının aparılması, müxtəlif obyektlərin informasiya modellərinin yaradılması və 3D çap modulundan istifadə etmə qaydaları haqqında geniş məlumatlar əldə etmişlər. Bununla yanaşı müəllimlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və s. bu kimi istiqamətlərdə nəzəri və praktik məlumatlar verilmişdir.
Bununla əlaqəli təlimçilər “Oyuncaq robotun dizaynı”, “Formula 1 maşınının yaradılması”, “Köməkçi cihazların dizaynı” kimi müxtəlif üçölçülü obyektlərin informasiya modellərinin “www.tinkercad.com” veb-saytında hazırlanması və modellərə uyğun olaraq micro:bit kodlaşdırma hissəsinin proqramlaşdırma blokları ilə tanış olmuşlar.
Qeyd edək ki, innovativ inkişafın açarı olan STEAM təlim metodu pilot olaraq tətbiqi nəzərdə tutulan ümumtəhsil məktəbləri üzrə VI və VII sinif şagirdləri üçün tədris olunacaq.
Təlimləri başa vuran müəllimlərə yanvar ayında sertifikat veriləcək.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi