Bu gün Şahtaxtı kəndində yerləşən Şərq hamamında Qıvraq qəsəbə tam orta məktəbinin şagirdləri üçün açıq dərs təşkil olunub.
Bələdçi açıq dərsdə şagirdlərə Şərq hamamının tarixi və quruluşu haqqında geniş məlumat verib. Qeyd edib ki, hamam yaşlı nəslin dediyinə görə XIX əsrin II yarısında İsa Sultan Şahtaxtılının babası İsa Sultan tərəfindən tikdirilmişdir. Hamam düzbucaqlı formada, 20 x 10,5 x 6,4 metr ölçüdədir. Ümumi sahəsi 210 m² olan hamamın soyunma, yuyunma zalları, onlara birləşdirilən köməkçi otaqlar və ocaqxana, üç sferik günbəzlə örtülüb. Su mənbəyinin yüksəkdə yerləşməsi hamamın su ehtiyacını asanlaşdırmışdır. Soyunma və yuyunma zalı bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşir.
Onlardan birbaşa yuyunma zalına birləşik kiçik otağa giriş var. İsti və soyuq sulu hovuzlar da yuyunma zalına bitişikdir. Keçmişdə xəzinənin su ehtiyacı, saxsı borular vasitəsilə ödənilirmiş, indi isə bu borular dəyişdirilərək dəmir borularla əvəz olunub. Xəzinə binanın cənub tərəfindədir. Yuyunma zalı və ona birləşik otaqların altından isti havanın kanalları keçir. Kanalın bir ucu ocağa, digər ucu isə bacaya birləşdirilib. Bacalardan biri ocağın üstündə, digər ikisi isə yuyunma və soyunma zallarının üzərindədir.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi