Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “20 Yanvar – qanlı və şanlı tariximiz” devizi altında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışda 16 yaşadək şahmatçılar iştirak edib.
İştirakçılar əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Yarışı giriş sözü ilə açan Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Hüseynzadə bildirib ki, XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, eləcə də milli oyanış və özünüdərk əsri kimi də daxil olub. Vurğulanıb ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda yanvarın 20-si Ümumxalq Hüzn Günü elan edilib.
Daha sonra yarışa start verilib. 6 turdan ibarət olan yarış “İsveçrə” sistemi ilə keçirilib.
Birincilikdə rayonun ümumtəhsil məktəblərindən 52 şagirdin iştirakı təmin edilib. Yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında Zahid Allahverdiyev I, Anar Cəfərli II, Şəhriyar Tarverdiyev III yerə layiq görülüb. Qızlar arasında İnci Babayeva I, Mələk Babayeva II, Nur Süleyman III yerə layiq görülüb. 10 yaşadək oğlanlar arasında Mustafa Bəylərov I, 10 yaşadək qızlar arasında isə İlkay Əhmədli I yerə layiq görülüb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi