Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təsdiq etdiyi qrafikə uyğun olaraq “Nizami Gəncəvi ili” çərçivəsində Xok kənd tam orta məktəbində “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib.
Müzakirənin keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkili, mütaliə mədəniyyətinin formalaşdırılması və bu sahədə fəallığı ilə fərqlənən şagirdlərin aşkara çıxarılıb qiymətləndirilməsidir.
Müzakirəni giriş nitqi ilə açan məktəbin direktoru Zal Rüstəmov Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırıb. Həmçinin “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinin muxtar respublikanın bütün təhsil müəssisələrində diqqət mərkəzində saxlanıldığını qeyd edib. Vurğulayıb ki, qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaradıb. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan verib.
Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşid Cəfərli çıxış edərək bildirib ki, bütün dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir.
Müzakirə zamanı şagirdlər “Sirlər xəzinəsi” poeamasından bir neçə hissə səsləndirərək fikir mübadiləsi aparıblar. Müzakirədə 30 şagirdin iştirakı təmin edilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi