22 yanvar 2021-ci il tarixdən başlayaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə hazırladığı Tədbirlər Planına uyğun olaraq Kəngərli rayon ümumtəhsil məktəblərinin 8, 10, 12, 14 və 16 yaşlı oğlan və qız şagirdləri arasında məktəbdaxili şahmat yarışlarına start verilib.
Yarışın təşkilində əsas məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq, şahmat oyununu daha da kütləviləşdirmək və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarətdir. Eyni zamanda yarışın keçirilməsi nəticəsində ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, yüksək nailiyyət və uğurların qazanılması da əsas məqsədlərdəndir.
Məktəblərdə şahmat yarışına xüsusi maraq göstərilib. Keçirilən yarışlarda fərqlənən şahmatçılara məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olunub.
Məktəbdaxili şahmat yarışları yanvarın 26-dək davam edəcək.