Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birlikdə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilmişdir.
Əvvəlcə məktəbin direktoru Gülsarə Süleymanova belə bir yarışın keçirilməsində və məktəb şagirdlərinin oxunması zəruri olan kitablara olan marağından bəhs etmişdir.
Naxçıvan Şəhər Təhsil şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova artıq ikinci ildir ki, yerinə yetirilən “Sabahın tədqiqatçıları” layihəsi haqqında ətraflı məlumat vermiş, növbəti illərdə istedadlı və qabiliyyətli şagirdlərin bu cür araşdırma xarakterli layihədə iştiraklarının onların gələcək həyatında da müsbət rol oynayacağından bəhs etmişdir.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov isə ötən ildən ona təhkim olunmuş şagirdlərlə şöbənin profilinə uyğun olaraq yeni tədqiqatlar aparıldığını, şagirdlərin sabahın alimləri kimi formalaşmasında bu cür layihələrin maraqlı nəticələr ortaya çıxardığını qeyd etmişdir.
Qeyd olunmuşdur ki, bu il həmin məktəbin X sinif şagirdi Nicat Əsədliyə “Oxunması zəruri olan kitablar” siyahısında yer alan folklorla bağlı əsərlərin yeniyetmələrin milli-mənəvi inkişafında rolu” mövzusu verilmişdir. Bu mövzunun yerinə yetirilməsi zamanı qarşıya qoyulmuş məqsədlərdən biri də məktəblilərin qeyd olunan kitablardan çıxardığı nəticələr və həmin kitabların şagirdlərə təsiri məsələlərini aydınlaşdırmaq idi. Bunu müəyyənləşdirmək məqsədi ilə layihəni yerinə yetirən Nicat Əsədlinin təhsil aldığı orta məktəbdə 4 komandanın iştirakı ilə məhz bu bilik yarışı keçirilir.
Şagirdlərdə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən folklorla bağlı kitabları dərindən araşdırmaq, yeniyetmələrə, xüsusilə orta məktəb şagirdlərinə müsbət təsirini müəyyən etmək və təbliğinə çalışmaq məqsədi daşıyan yarışda faktlar və verilən cavablar əsasında yeni elmi nəticələr əldə etməyə çalışan Nicat Əsədlinin moderatorluğu ilə tərtib etdiyi suallar iki mərhələdə komandalara təqdim olunmuşdur.
Belə ki, ilk mərhələdə komandalara 10 sual təqdim olunmuş və ən yaxşı nəticə göstərən “Dədə Qorqud” və “Sirlər xəzinəsi” komandalarına ikinci mərhələdə yenidən 10 sual ünvanlanmışdır. Yekunda suallara daha çox düzgün cavab verən “Dədə Qorqud” komandası qalib olmuş və layihə çərçivəsində Naxçıvan şəhərinin müxtəlif məktəblərinin komandalarının da iştirak edəcəyi növbəti mərhələyə qatılma haqqı qazanmışdır.
Sonda qalib olan komanda üzvlərinə diplomlar təqdim olunmuşdur.