Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2021-ci il üçün Təqvim Planına uyğun olaraq ümumtəhsil məktəblərinin 8, 10, 12, 14, 16 yaşlı oğlan və qız şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq, şahmat oyununu daha da kütləviləşdirmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.
Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin baş məsləhətçisi Nilufər Rzayeva bildirib ki, ulu öndər Heydər Əliyev deyirdi ki, “Şahmat insanı saflaşdıran və kamilləşdirən idman növüdür”. Bu gün Naxçıvan Muxtar Respublikasında “bəşər tarixinin ən qocaman kəşfi” adlandırılan şahmatın inkişafına da məhz bu prizmadan yanaşılır. Gənc nəslin əqli inkişafında şahmatın əhəmiyyəti nəzərə alınır, bu sahədə infrastruktur tam müasirləşdirilir, şahmat tədris və təbliğ olunur. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov şahmatı gənc nəslin əqli inkişafında və intellektual potensialının formalaşdırılmasında əsas vasitələrdən biri kimi götürür, bu sahəni daim diqqətdə saxlayır.
Şagirdlər yarışın qaydaları ilə tanış edildikdən sonra şahmat yarışına start verilib. Şahmat yarışında ümumtəhsil məktəblərindən müxtəlif yaş qrupları üzrə 72 şagird iştirak edib.
Yarışın yekun nəticələrinə əsasən, 8 yaşadək oğlanlar arasında Mustafa Bəylərov, qızlar arasında İlkay Əhmədli, 10 yaşadək oğlanlar arasında Nadir Əbilov, qızlar arasında İnci Babayeva, 12 yaşadək oğlanlar arasında Şəhriyar Tarverdiyev, qızlar arasında Mələk Babayeva, 14 yaşadək oğlanlar arasında Həsən Hüseynli, qızlar arasında Məhcəbin Rzalı, 16 yaşadək oğlanlar arasında Anar Cəfərli, qızlar arasında isə Sara Rzayeva I yerə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.