Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülür, müasir standartlara cavab verən təhsil müəssisələri tikilir, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin inkişafı istiqamətində görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi yaradılmış, mərkəz ən müasir avadanlıqlarla təchiz edilmişdir.
Mərkəzdə yaradılan şərait istər Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən liseylərə şagird qəbulunda, istər abituriyent hazırlığında, muxtar respublika və respublika fənn olimpiadaları, eləcə də şagirdlərin fənlər üzrə, müəllimlərin isə bilik və bacarıqlarının yoxlanılması üzrə sınaq imtahanlarının keçirilməsinə öz töhvəsini verməkdədir.
Bu günədək Mərkəz IX-XI siniflər üzrə daxili sınaq, blok və buraxılış imtahanları, IV-VIII siniflər üzrə şagirdlərin bilik səviyyəsinin yoxlanılması, eləcə də müəllimlərin sertifikatlaşdırmasının I mərhələsinə hazırlıq məqsədilə sınaq imtahanlarının keçirilməsini təmin etmişdir.
Təhsilverənlərin sertifikatlaşdırmasının müsahibə mərhələsi də fevralın 1-dən İmtahan Mərkəzində keçiriləcəkdir. Bunun üçün 2 imtahan komissiyası yaradılmış, müsahibənin şəffaf keçirilməsi üçün 2 otaq ayrılmış, otaqlarda videokamera, mikrofon, kompüter və yaddaş qurğuları quraşdırılmışdır.
Şəffaflığı daha da yüksəltmək, şagird və valideynlərə imtahanlarla bağlı məlumatları daha əlverişli və operativ çatdırmaq məqsədilə Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçirilən imtahanların nəticələrinin SMS vasitəsi ilə də əldə edilməsi imkanı yaradılmışdır. Xidmətin təşkilində məqsəd şagirdlərin imtahandakı uğurları ilə bağlı məlumatları valideynlərə daha rahat və əlverişli üsullarla çatdırmaqdır. Belə ki, yanvarın 27-dən imtahan nəticələri ilə valideynlərin məlumat almaları üçün Naxtel üzərindən şagirdlərin iş nömrələrinin 7070-ə SMS-lə göndərilməsi xidməti də aktiv olub ki, bu da operativ şəkildə imtahan nəticələrini əldə etməyə imkan yaradır. İnanırıq ki, keçirilən imtahanların nəticələrinin əldə edilməsi üçün SMS xidmətinin istifadəyə verilməsi şagird və valideynlərin rahatlığını xeyli artıracaq.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi