Şahbuz Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayon ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərin seminarı keçirilib. Seminarın işində Şahbuz Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Şahbuz Rayon Təhsil Şöbəsinin əməkdaşı qeyd edib ki, gənc nəslin əqli inkişafında şahmatın mühüm əhəmiyyəti var. Muxtar respublikamızda şahmat fənninin tədrisi məktəblərin şahmata olan marağının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Rayonumuzda məktəblərin şahmata olan marağı son vaxtlar xeyli artmışdır.
Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Gülmalıyev seminar iştirakçılarına şahmat fənninin tədrisində qarşıya qoyulan tələblər, dərslərdə yüksək nəticələrə nail olmaq üçün elektron dərslərdən istifadə haqqında məlumat verərək bildirib ki, istedadlı şahmatçıları üzə çıxarmaq məqsədi ilə tez-tez sinifdaxili və ya məktəbdaxili yarışların keçirilməsi, xüsusi istedada malik şahmatçı şagirdlərin rayonun şahmat məktəbinə yönləndirilməsi öz bəhrəsini vermişdir.
Seminarın sonunda seminar iştirakçılarını maraqlandıran suallara cavab verilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi