29 yanvar 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçiriləcək imtahanlarla əlaqədar mətbuat konfransı keçirilib.
Konfransda bu il keçiriləcək buraxılış və qəbul imtahanları, imtahanların qrafiki, həmçinin digər tədbirlər haqqında məlumat verilib.
2021-ci ildə keçiriləcək imtahanlar barədə məlumat verən M.Abbaszadə qeyd edib ki, ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq, binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcəkdir.
2021-ci ilin fevral-sentyabr aylarında keçirilməsi nəzərdə tutulan imtahanların siyahısının qrafiki ilə http://dim.gov.az/upload/iblock/672/67281d9bbcfff3b795514cc7378304c7.pdf-dən tanış ola bilərsiniz.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsi nəzərdə tutulur. 2021-ci il buraxılış imtahanı fənlərinin həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları sadələşdirilib. Qeyd edilib ki, 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.
Vurğulanıb ki, bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur. Ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Hazırkı təlim-tədris prosesi ilə əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb.
Qeyd edilib ki, “COVID-19 pandemiyası 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər yaradıb. Karantin dövrünə təsadüf etdiyindən fənlər üzrə bəzi mövzuların tədrisi qənaətbəxş olmayıb. Lakin bu o demək deyil ki, həmin mövzulardan ümumiyyətlə sual salınmamalıdır. Azərbaycan dili ilə bağlı bir nümunəyə baxaq. 11-ci sinifdə tədris olunan dilçiliyin önəmli bölmələrindən olan “Üslubiyyat” üzrə bilik və bacarıqların təməli, əsasən, aşağı siniflərdə qoyulur, şagird bu bölmədəki əksər mövzular üzrə kifayət qədər məlumatla tanış olur. Buna görə də şagirdin bölmədəki bəzi mövzular üzrə tapşırıqları təhsilin aşağı pillələrində mənimsədiyi bilik və bacarıqlar əsasında cavablandırması mümkündür. Məsələn elmi üslub haqqında məlumat həm 10-cu, həm də 11-ci sinif “Azərbaycan dili” dərsliklərində verilir. 11-ci sinifdə bu mövzunun tədrisi karantin dövrünə təsadüf etsə də, mövzu üzrə müəyyən tapşırıqlar 10-cu sinifdə mənimsədilmiş bilik və bacarıqlara əsasən cavablandırıla bilər. Burada hər hansı problem yoxdur.
Vurğulanıb ki, bu il tarix fənni üzrə qəbul imtahanı proqramına “Vətən müharibəsi”nə aid mövzular da daxil ediləcəkdir. Bilirsiniz ki, “müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, Vətən müharibəsinə aid mövzular “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələr isə “Abituriyent” 2 jurnalında dərc ediləcək. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Çünki qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcəkdir.
Konfransın sonunda DİM-in “Youtube” kanalında qəbul proqramlarının mövzularına dair şagirdlərə və abituriyentlərə metodik kömək məqsədilə hazırlanmış videomühazirələr və 5-7-ci sinif dərslikləri əsasında hazırlanmış vizuallaşdırılmış dərslər haqqında məlumat verilib.