Müəllimlər həyatını xalqının işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibləridir. Bu peşə sahibləri öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Məhz buna görə də müəllim əməyinin bənzəri yoxdur. Müəllim əməyi, sözün əsl mənasında, fədakarlıq nümunəsidir. Bu peşəyə hər zaman yüksək dəyər verən xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndərin təhsilə, müəllim əməyinə göstərdiyi qayğı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahəyə göstərilən qayğı sayəsində təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Şagirdlərin müasir standartlara cavab verən məktəblərdə təhsil almaları üçün yeni məktəb binaları tikilib, əsaslı təmir olunaraq yenidən qurulubdur. Müəllimlərin daha yaxşı şəraitdə dərs keçmələri, tədrisin yüksək səviyyədə aparılması təmin olunubdur.
Muxtar respublikamızda da təhsilin müasir tələblər səviyyəsində inkişafı prioritet istiqamət təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində müasir təhsil infrastrukturu yaradılıb. Son 20 ildən artıq bir dövrdə muxtar respublikamızda aparılan quruculuq tədbirləri içərisində yeni məktəb binalarının tikilməsi və onların yenidən qurulması mühüm əhəmiyyət kəsb edir. Belə ki, 90-cı illərin ortalarından başlayaraq muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün muxtar diyarımızda təhsil sahəsində qazanılmış uğurlu nailiyyətlər, müəllim əməyinə verilən yüksək dəyər, təhsil müəssisələrində yaradılan müasir şərait müəllim əməyinin bəhrələrini daha da artırır. Müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Qeyd edək ki, bu günə qədər muxtar respublikanın təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si Azərbaycan Respublikasının Əməkdar müəllimi, 189-u Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb, 108-i isə “Tərəqqi” medalı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən, məktəblərin və pedaqoji kadrların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hər il “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. 2013-cü ildə muxtar respublikamızdan daha 5 müəllim “Ən yaxşı müəllim” mükafatına layiq görülübdür. Bununla da, mükafata layiq görülən müəllimlərin sayı 30-a çatıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəllimlər qarşısında mühüm vəzifələr qoyaraq deyib: “Bu gün qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, savadlı və milli gənclər yetişdirməliyik. Muxtar respublikada mövcud təhsil infrastrukturu bu vəzifənin icrası üçün bütün əsasları yaradır. Lakin müəllim əməyi olmadan, peşəkar təhsil kollektivi formalaşdırılmadan yaradılan təhsil infrastrukturu faydalı iş müstəvisinə keçirilə bilməz”.
Bəli, peşəkar təhsil kollektivi formalaşdırılmasa, uğurlu təhsil nəticələrindən danışa bilmərik. Qürur hissi ilə deyə bilərik ki, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər, konfranslar keçirilir, müəllimlərin işə qəbulu prosesində obyektivlik təmin edilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli Qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə ilə işə qəbulu aparılır. Adıçəkilən Qərar isə gənc kadrların işlə, ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təmin olunmasına şərait yaradır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilibdir. Müvafiq qərara uyğun olaraq yanvarın 14-dən Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarının keçirilməsinə başlanılıb. Qərarda bildirilir ki, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq sertifikatlaşdırma iki - test və müsahibə mərhələsindən ibarət olmaqla keçirilir. Biz də fürsətdən istifadə edərək test imtahanında iştirak etmiş və imtahanda iştirak etməyə hazırlaşan müəllimlərin bir neçəsi ilə söhbətləşdik:
Elnurə Abbasova: Muxtar respublikamızda digər sahələrin inkişafı ilə yanaşı, təhsil sahəsində də qazandığımız uğurlar qürur vericidir. Bunun nəticəsidir ki, ötən tədris ilində qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2381-i ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanıbdır. Ali məktəblərə qəbul olanlardan 1108-i ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük veribdir. Qəbul imtahanlarının nəticələrinə əsasən 275 nəfər 500-dən yuxarı bal toplayıb, onlardan 4-ü Prezident təqaüdünə layiq görülübdür. Sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə quraşdırılıb, laboratoriyalar və fənn kabinələri, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilmiş məktəblərdə təhsil alan şagirdlərin qəbul imtahanlarında yüksək nəticə əldə etmələri əlbəttə, bu səbəbdəndir. Bu gün istər şəhər, istər kənd məktəblərində müasir tədris imkanlarının yaradılması hər birimizin gözü qarşısındadır. Riyaziyyat fənnini tədris etdiyim Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə də hər cür şərait yaradılıb. Yaradılan şərait isə biz müəllimləri daha yaxşı işləməyə, gələcəyin əsl vətənpərvər gənclərini yetişdirməyə ruhlandırır. Nazirlər Kabinetinin qərarı ilə təşkil edilən müəllimlərin sertifikatlaşdırma test imtahanı isə bizləri çox sevindirir. Mən də gənc ibtidai sinif müəllimi olaraq keçirilən imtahanda iştirak edərək, qarşıya qoyulmuş test suallarının hər birinə düzgün cavab verməklə biliyimi daha da möhkəmləndirdim. 120 dəqiqə vaxt ayrılan test mərhələsi elektron qaydada həyata keçirildi. Bu mərhələdə hər bir düzgün cavab 1 balla qiymətləndirildi. Səhv cavablar düzgün cavablara təsir göstərmir. Test mərhələsi başa çatdıqdan dərhal sonra nəticə elan edilərək “Test imtahanının nəticəsi haqqında arayış” verildi. Qarşıda isə müsahibə mərhələsi var. Təhsilverənlərin biliyinin daha da möhkəmləndirilməsi üçün atılan bu addım çox təqdirəlayiqdir.
Elmira Hüseyinli: Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır. Məhz buna görə də təhsilə, təhsil işçilərinə muxtar respublikamızda yüksək qayğı göstərilir. Nə xoşbəxtik ki, bu diyarda yaşayıb, bu diyarda müəllim adını qazanmaq bizə nəsib olub. 1995-ci ildən etibarən digər sahələrlə yanaşı, təhsilimiz də özünün inkişaf mərhələsinə qədəm qoyubdur. Kimya fənnini tədris etdiyim Qızlar Lisseyində də işıqlı sinif otaqları, müasir avadanlıqlarla təchiz edilmiş fənn laboratoriyaları, kompüterlər və elektron lövhələr quraşdırılmış sinif otaqları, zəngin fonda malik kitabxanalar, laboratoriyalar biz müəllimlərin istifadəsinə verilib. Təhsilin inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər təhsilin keyfiyyətini daha da yüksəldir, bacarıqlı, savadlı, hərtərəfli dünyagörüşə malik gənclər yetişməsinə stimul verir. Muxtar respublikamızda müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, 2019-cu il sentyabrın 1 -dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıbdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər müəllimlərin rifahı ilə yanaşı, nüfuzunu da artırıb, təhsilin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olubdur.
Nuray Əsgərova