Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “2 fevral-Gənclər Günü” münasibətilə şəhər məktəbliləri arasında “Vətəni tanı” intellektual oyunu keçirilmişdir. Oyunun keçirilməsində məqsəd məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməkdən ibarət olub.
Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən oyunda şəhər ümumtəhsil məktəblərindən 17 şagird iştirak etmişdir.
İntellektual oyunda müxtəlif rənglərdə göstərilmiş şəhər və rayonları xəritə üzərində öz yerinə yerləşdirmək lazım olmuşdur. Xəritə keçməcəli (pazl) şəklində olmuş və Azərbaycanın hər bir inzibati ərazi vahidi orada ayrılıqda göstərilmişdir. Şagirdlər xəritədə kiçik hissəcikləri yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamamlamışlar. Beləliklə, intellektual oyunun yekununa əsasən 2 nömrəli tam orta məktəbin şagirdi Fəxrin Hacıyev xəritəni daha tez tamamlayaraq I yerə, 16 nömrəli tam orta məktəbin şagirdi Fərəc Qurbanov II yerə, 7 nömrəli tam orta məktəbin şagirdi Aydan Hümbətova isə III yerə layiq görülmüşdür.
Sonda qaliblərə və fərqlənən şagirdlərə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi