Naxçıvan Muxtar Respublikası Şahmat Mərkəzində 3 fevral 2021-ci il tarixdə “Şahmat beynin gimnastikasıdır” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında şahmat birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komandanın hər birinin tərkibində 2 qız, 4 oğlan olmaqla, ümumilikdə 102 şahmatçı iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edənlər muxtar respublikamızda şahmata göstərilən dövlət qayğısından danışmış və şahmatçılara qələbə sevinci arzulayıblar. Birincilik “Olimpiya” sistemi üzrə keçirilmişdir. Keçirilən yarışın yekun nəticəsinə əsasən, 3 nömrəli tam orta məktəbin komandası I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası II yerə, 12 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Taxtalar üzrə isə I taxtada Elçin İsmayılov (3 nömrəli tam orta məktəb), II taxtada Aydın Bəbirli (Naxçıvan Qarnizonu tam orta məktəbi), III taxtada Almara İbrahimbəyli (3 nömrəli tam orta məktəb), IV taxtada Şahin Ağayev (12 nömrəli tam orta məktəb), V taxtada Fatimə Həsənova (3 nömrəli tam orta məktəb) və VI taxtada isə Zöhrə Həsənova (3 nömrəli tam orta məktəb) I yerə layiq görülüb.
Sonda qalib komandalar və taxtalar üzrə I yerləri tutan şahmatçılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçi